Azərbaycanda pərakəndə ticarətin həcmi bu il ilk dəfə artıb

Azərbaycanda pərakəndə ticarətin həcmi bu il ilk dəfə artıb
# 17 may 2021 12:20 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 12 mlrd. manatlıq, o cümlədən 6,6 mlrd. manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 5,4 mlrd. manatlıq qeyri-ərzaq malları satılıb.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, 2020-ci ilin yanvar-aprel ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 0,1%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,2% artıb, qeyri-ərzaq malları üzrə isə 2,3% azalıb.

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 49%-i ərzaq məhsullarının, 5,9%-i içkilər və tütün məmulatlarının, 13,7%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1%-i avtomobil benzini və dizel yanacağının, 4,8%-i elektrik malları və mebellərin, 2,4%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,4%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

2021-ci ilin yanvar-aprel aylarında istehlak mallarının dəyər ifadəsində 27,5%-i ticarət müəssisələri, 49%-i fərdi sahibkarlar tərəfindən, 23,5%-i isə bazar və yarmarkalarda satılıb. 2020-ci ilin yanvar-aprel ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 15,1%, fərdi sahibkarlar üzrə 1,7% artıb, bazar və yarmarkalarda isə 15,4% azalıb.

Hesabat dövründə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 300,4 manatlıq, o cümlədən 165 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 135,4 manatlıq qeyri-ərzaq malları alıb.

Qeyd edək ki, bu il ərzində Azərbaycanın pərakəndə ticarət dövriyyəsi ilk dəfədir müsbət dinamika nümayiş etdirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR