"PAŞA Sığorta"nın adından və nüfuzundan istifadə etməklə vətəndaşlar aldadılır

"PAŞA Sığorta"nın adından və nüfuzundan istifadə etməklə vətəndaşlar aldadılır
# 07 may 2021 10:00 (UTC +04:00)

Artıq xeyli müddətdir ki, “PAŞA Sığorta” ASC-yə bəzi şəxslərin etibardan sui-istifadə edərək qanunsuz gəlir əldə etmək məqsədi ilə vətəndaşları aldatması və ödəniş edilməsi qarşılığında işlə təmin edilməsi ilə bağlı oxşar müraciətlər daxil olmaqdadır. Müraciətlərin araşdırılması zamanı məlum olub ki, ölkənin müxtəlif regionlarında bir qrup şəxs tərəfindən “PAŞA Sığorta” ASC adından istifadə etməklə vətəndaşları aldadaraq müxtəlif məbləğlərdə pul vəsaitlərini mənimsənilib. Belə ki, həmin şəxslər insanları müəyyən məbləğdə pul ödənilməsi müqabilində “PAŞA Sığorta” ASC-də işə qəbul ediləcəyi vədiylə aldadıblar.

Sözügedən məsələ ilə bağlı daxil olmuş müraciətlər və aparılmış araşdırmaların nəticələri əsasında tərəfimizdən hüquq-mühafizə orqanlarına müraciət edilib və müvafiq tədbirlər görülüb.

“PAŞA Sığorta” ASC olaraq vətəndaşlarımıza bildirmək istərdik ki, bu cür hallar şirkətimizin işə qəbul siyasətinə ziddir və bu şəxslərin şirkətlə heç bir əlaqəsi yoxdur. “PAŞA Sığorta” və onun əməkdaşları tərəfindən hər hansı bir məsələ ilə bağlı vətəndaşlardan qeyri-qanuni olaraq heç bir pul vəsaiti tələb edilə bilməz. Şirkətdə işə qəbul prosesi iş etikası çərçivəsində və qanunvericiliyin tələblərinə uyğun olaraq şəffaf və hər kəsə bərabər imkanlar yaratmaqla həyata keçirilir. Şirkət tərəfindən elan olunan vakansiyalar şirkətin rəsmi internet saytının “Karyera” bölməsində yerləşdirilir (https://www.pasha-insurance.az/career/#vacancies_list)və daimi olaraq yenilənir. Müvafiq vakansiyalar üzrə müraciət etmək istəyən şəxslər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Bir daha ölkə vətəndaşlarına müraciət edərək maksimum dərəcədə diqqətli olmağa, belə şəxslərə və yalançı vədlərə aldanmamağa çağırırıq. Oxşar təkliflərlə rastlaşdıqda şirkətimizin baş ofisinə və ya bölgələrdəki nümayəndəliklərinə, habelə hüquq-mühafizə orqanlarına müraciət etmələrini xahiş edirik.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR