"Uber"in taksi xidmətlərindən gəlirləri üç dəfə azalıb

"Uber"in taksi xidmətlərindən gəlirləri üç dəfə azalıb
# 06 may 2021 12:48 (UTC +04:00)

"Uber Technologies, Inc." şirkətinin 2021-ci ilin I rübündə səhmdarlarının payına düşən xalis zərəri 108 mln. ABŞ dolları təşkil edib.

"APA-Economics" şirkətin maliyyə hesabatına istinadən verdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 27,2 dəfə azalıb. I rüb ərzində texnologiya şirkətinin xidmət və məhsul satışlarından gəlirləri 2,903 mlrd. dollar təşkil edib ki, bu da illik müqayisədə 11% azdır. Bura daxil olan taksi xidmətlərindən gəlirlər isə 853 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 2,9 dəfə azdır.

Hesabat dövründə "Uber"in təklif etdiyi taksi xidmətləri, ərzaq çatdırılması ("Uber Eats"), paket çatdırılması, kuryerlər, yük daşınması və s. üzrə məcmu sifarişlərinin dəyəri tarixi rekorda çataraq – 19,536 mlrd. dollara bərabər olub ki, bu da illik müqayisədə 24% çoxdur. Təkcə taksi və avtomobillərlə icra olunan daşımaların dəyəri 1,447 mlrd. dollar olub, bu da illik müqayisədə 13% azdır.

Qeyd edək ki, ötən il "Uber"in xalis zərəri 20% azalaraq 6,768 mlrd. dolları təşkil etmişdi. 2020-ci il ərzində texnologiya şirkətinin xidmət və məhsul satışlarından gəlirləri 11,139 mlrd. dollar təşkil edib ki, bu da illik müqayisədə 14% azdır. "Uber"in təklif etdiyi taksi xidmətləri, ərzaq çatdırılması, paket çatdırılması, kuryerlər, yük daşınması və s. üzrə məcmu sifarişlərinin dəyəri ötən il 57,897 mlrd. dollara bərabər olub ki, bu da 2019-cu il ilə müqayisədə 11% azdır. Təkcə taksi və avtomobillərlə icra olunan daşımaların dəyəri 5,025 mlrd. dollar olub ki, bu da illik müqayisədə 27% azadır.

Təkcə ötən ilin IV rübündə isə şirkətin xalis zərəri 968 mln. dollara (12% azalma) bərabər olub Sözügedən dövrdə, şirkətinin xidmət və məhsul satışlarından gəlirləri 3,165 mlrd dollar (illik 16% azalma), təklif etdiyi taksi xidmətləri, ərzaq çatdırılması, paket çatdırılması, kuryerlər, yük daşınması və s. üzrə məcmu sifarişlərinin dəyəri 17,152 mlrd. dollar (illik 5% azalma), təkcə taksi və avtomobillər ilə icra olunan daşımaların dəyəri isə 1,443 mlrd. dollar (illik 24% azalma) təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR