Agentlik icbari tibbi sığortanın hər region üzrə 3 ay müddətində tətbiq edilməsinə dair məlumatlara münasibət bildirib

Agentlik icbari tibbi sığortanın hər region üzrə 3 ay müddətində tətbiq edilməsinə dair məlumatlara münasibət bildirib
# 24 yanvar 2020 16:43 (UTC +04:00)

“Sosial şəbəkələrdə icbari tibbi sığortanın hər region üzrə 3 ay müddətində tətbiq edilməsi ilə bağlı paylaşılanlar həqiqəti əks etdirmir. Yayılan məlumat çaşqınlığa, təşvişə və tibb müəssisələrinə vətəndaş axınına səbəb olur”.

Bu barədə APA-ya İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib.

Məlumata görə, icbari tibbi sığorta 2020-ci il ərzində ölkə üzrə 4 mərhələdə həyata keçiriləcək. 2020-ci ilin yanvarın 1-dən 23 regionda icbari tibbi sığortanın tətbiqinə artıq başlanılıb. Bu regionlarla yanaşı 1 aprel tarixindən 21, 1 iyul tarixindən 15, 1 oktyabr tarixindən isə 7 şəhər və rayonun sakinləri icbari tibbi sığortanın Xidmətlər Zərfindən istifadə edəcəklər: “Tibb müəssisələrini və əhalini sözügedən prosesə hazırlamaq, icbari tibbi sığortanın əhəmiyyəti, üstünlükləri ilə bağlı məlumatlandırmaq, eləcə də tibb müəssisələrində yeni maliyyələşmə mexanizmini tətbiq etmək məqsədilə hər mərhələ üzrə sistemin icrası 3 aya bölünüb. Səhhətində narahatlıq (təcili və təxirəsalınmaz tibbi yardım istisna olmaqla) yaranmış şəxslərə ilk növbədə şəxsiyyət vəsiqələri ilə öz ailə həkimlərinə müraciət etmələri tövsiyə olunur. Ailə həkimi vətəndaşı müayinə/müalicə etdikdən sonra xəstəliyi ilə bağlı ixtisas həkimi tərəfindən müalicəyə ehtiyac gördükdə həmin həkimə göndəriş verir. Bu zaman artıq ailə həkiminin göndərişi əsasında tibb müəssisəsinə müraciət olunmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR