Milli Məclisin vitse-spikeri Moldovada azərbaycanlı iş adamları, diaspor fəalları və gənclər ilə görüş keçirib

Milli Məclisin vitse-spikeri Moldovada azərbaycanlı iş adamları, diaspor fəalları və gənclər ilə görüş keçirib
# 02 noyabr 2020 05:14 (UTC +04:00)

Noyabrın 1-də Prezident seçkilərini müşahidə etmək məqsədilə Moldovada səfərdə olan Azərbaycan Respublikası Milli Məclisinin vitse-spikeri, MDB Parlamentlərarası Assambleyasının müşahidəçilər qrupunun rəhbəri Adil Əliyev nümayəndə heyəti ilə birlikdə Kişinev şəhərində azərbaycanlı iş adamları, diaspor fəalları və gənclər ilə görüş keçirib. Görüşdə Moldova Demokrat Partiyası fraksiyasının rəhbəri deputat Dumitru Diakov da iştirak edib.

Azərbaycanın Moldovadakı Səfirliyindən APA-ya verilən məlumata görə, görüşdə A.Əliyev Azərbaycan həqiqətlərindən söhbət açaraq Ermənistanın təcəvüzkar siyasəti, onların dinc əhaliyə qarşı raket hücumu nəticəsində günahsız insanlara və şəhərlərimizə dəyən zərərdən danışıb, Azərbaycan ordusunun səriştəli əks-hücumu nəticəsində düşmənə layiqli cavab verildiyini dilə gətirib və hərbi sahədə ordumuzun uğurları ilə yanaşı, diplomatiya sahəsində Ali Baş Komandanın münaqişə ilə bağlı qətiyyətli mövqe nümayiş etdirdiyini, xarici jurnalistlərin suallarını yüksək bacarıqla cavablandırdığını və bu çətin günlərdə müraciətlərlə çıxış edərək xalqının daim yanında olduğunu vurğulayıb. Eyni zamanda, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın şəhid ailələrinə baş çəkərək onları mütəmadi diqqətdə saxlaması və döyüşdə yaralanan əsgərlərimizə baş çəkərək onların vəziyyəti ilə maraqlanmasının hər bir insan üçün örnək olduğunu dilə gətirib. Nitqinin sonunda A.Əliyev Moldovada yaşayan azərbaycanlılara bu günlərdə həmişəkindən daha çox birliyə, vətənpərvərliyə ehtiyac olduğunu bildirib və toplaşdıqları üçün görüş iştirakçılarına təşəkkür edib, fəaliyyətlərində uğurlar arzulayıb.

Moldovalı deputat D.Diakov çıxış edərək hazırkı münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünün bərpa edilməsi çərçivəsində həllini dəstəklədiyini bildirib, Azərbaycan prezidentinin apardığı uğurlu siyasətin Azərbaycana qələbə bəxş etdiyini qeyd edib, bundan əlavə Moldovada yaşayan azərbaycanlılardan ibarət diasporun fəallaşmasının müşahidə edildiyini diqqətə çatdırıb.

Görüşdə çıxış edən səfir Q.Osmanov Moldovada yaşayan azərbaycanlıların fəaliyyətinin gücləndiyini və ölkəmizlə bağlı baş verən hadisələrdə birlik nümayiş etdirərək Səfirlik tərəfindən təşkil edilən tədbirlərdə fəal iştirak etdiklərini bildirib, yaxın gələcəkdə Moldovanın ictimai-siyasi həyatında azərbaycanlıların təmsil edilməsi istiqamətində səylərin gücləndirildiyini qeyd edib, Səfirlik olaraq istedadlı gənclərin hər zaman arxasında olduğunu dilə gətirib.

Daha sonra, Moldovada azərbaycanlıların ağsaqqalı kimi tanınan nüfuzlu iş adamı Firuz İsayev çıxışında A.Əliyev başda olmaqla nümayəndə heyətinin üzvlərinə görüşə görə təşəkkür edib, nəinki gənclərin, eləcə də bütün azərbaycanlıların prezidentimizin ətrafında sıx birləşdiyini qeyd edib, Ali Baş Komandanın müharibədə əldə olunan uğurlar nəticəsində Azərbaycan xalqının qürurunu qaytardığını dilə gətirib.

Sonda Moldova Azərbaycanlıları Konqresinin (MAK) sədri Elçin Bayramov çıxış edərək deputatlarımızdan ibarət nümayəndə heyətinə təşəkkürünü bildirib, MAK-da aparılan islahatlar nəticəsində azərbaycanlı diasporun gəncləşdirildiyi və fəallaşdırıldığını görüş iştirakçılarının diqqətinə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR