Moskvada Rusiya və Suriya XİN başçıları arasında görüş keçirilib

Moskvada Rusiya və Suriya XİN başçıları arasında görüş keçirilib
# 23 dekabr 2019 15:40 (UTC +04:00)

Moskvada Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla onun suriyalı həmkarı Valid Muallim arasında görüş keçirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, görüşdə Suriya münaqişəsinin nizamlanması və iki ölkə arasındakı münasibətlər müzakirə olunub.

Görüşün protokol hissəsində çıxış edən Rusiya XİN başçısı Suriyanın suverenliyini və ərazi bütövlüyünün bərpa olunması üçün mümkün olan hər şeyi edəcəklərini bildirib:

“Biz əlimizdən gələni edəcəyik ki, BMT Təhlükəsizlik Şurasının 2258 saylı qətnaməsi tam həcmdə icra olunsun. Hansı ki, bu qətnamə Suriya Ərəb Respublikasının suverenliyi və ərazi bütövlüyünün tam bərpasını nəzərdə tutur”, - deyə S. Lavrov vurğulayıb.

Suriya XİN başçısı qeyd edib ki, səfərin məqsədi ölkələr arasında ticarət-iqtisadi əməkdaşlığın səviyyəsini artırmaqdır.

“Prezident Bəşər Əsəd tərəfindən qəti qərar qəbul olunub ki, Suriyanın iqtisadi əlaqələrinin qurulmasında Rusiya kompaniyalarına prioritet verilsin. Ona görə ki, məhz Rusiya Federasiyası prezident Vladimir Putinin sayəsində terrorla mübarizədə Suriya ilə çiyin-çiyinə dayanıb”, - deyə V. Muallim vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR