Özbəkistanın Azərbaycandakı səfirliyində seçki məntəqəsi təşkil olunacaq - FOTO

Özbəkistanın Azərbaycandakı səfirliyində seçki məntəqəsi təşkil olunacaq - FOTO
# 26 noyabr 2019 16:51 (UTC +04:00)

Dekabrda Özbəkistanda keçirilən parlament seçkilərində Milli Məclisin 5 deputatı müşahidəçi qismində iştirak edəcək.

APA-nın xəbərinə görə, bu barədə Özbəkistanın Azərbaycandakı səfiri Şerzod Fayziyev bu gün keçirdiyi mətbuat konfransında bildirib.

O deyib ki, dekabrın 22-də Özbəkistanda parlamentin qanunverici palatasına seçkilər keçiriləcək. Onun sözlərinə görə, bu seçkilər 5 ildən bir keçirilir.

Səfir vurğulayıb ki, bu il həm də vilayət, şəhər və rayon sovetlərinə seçkilər keçiriləcək.

Diplomat bu seçkilərin Özbəkistan üçün vacib və aktual hadisə olduğunu vurğulayıb.

Səfir seçkilərdə iştirak etmək üçün 750 namizədin qeydiyyatdan keçdiyini, onlardan 310 (41.3 %) nəfərinin qadınlardan ibarət olduğunu diqqətə çatdırıb: “Bu ilin dekabrında keçiriləcək seçkilərdə iştirak üçün qeydiyyatdan keçən qadın namizədlərin sayı 2014-cü ilin dekabrı ilə müqayisədə 10 faiz artıb. Namizədlərin 32,2%-i 25-40 yaş arasındadır”.

Səfir seçkilərdə 5 partiyanın iştirak edəcəyini qeyd edib.

Diplomat müxtəlif ölkələrdən və beynəlxalq təşkilatlardan 700-ə qədər müşahidəçinin bu seçkiləri izləyəcəyini vurğulayıb.

Səfir qeyd edib ki, Azərbaycandakı Özbəkistan vətəndaşlarının səsverməsi üçün səfirlikdə seçki məntəqəsi təşkil olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR