Peskov: “ABŞ rəsmilərinin “Navalnı öləcəyi təqdirdə Rusiya bunun nəticələri ilə qarşılacaq” təhdidlərini qəbul etmirik”

#
# 14:52
19 aprel 2021

“ABŞ rəsmi şəxslərinin “Aleksey Navalnı öləcəyi təqdirdə Rusiya bunun nəticələri ilə qarşılacaq” təhdidlərini heç bir şəkildə qəbul etmirik”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"Biz digər dövlətlərin nümayəndələrinin bu cür bəyanatlarını heç bir şəkildə qəbul etmirik”, deyə Kremlin sözçüsü vurğulayıb.

Peskov Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden arasında son telefon danışığı zamanı Aleksey Navalnı ətrafındakı vəziyyətə toxunulmadığını da bildirib: “Bu mövzuya ümumiyyətlə toxunulmayıb”.

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden də daxil olmaqla bir çox ölkənin dövlət və hökumət başçıları A. Navalnının vəziyyətindən narahat olduqlarını bildiriblər. ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri deyib ki, A. Navalnı öləcəyi halda bunun Rusiya üçün "nəticələri" olacaq.

Dünyanın 70-dən çox görkəmli yazıçısı, sənətçisi və akademiki A.Navalnının müayinə və müalicəsinin təmin olunması barədə çağırış edib.

Bu gün isə Avropa İttifaqının xarici işlər nazirləri A. Navalnının vəziyyətini müzakirə edəcəklər.

Xatırladaq ki, Rusiya müxalifətinin liderlərindən biri, bloger A. Navalnı ötən il avqustun 20-də təyyarə ilə Tomskdan Moskvaya uçarkən qəfildən halı pisləşib, təyyarə Omskda təcili eniş edib. O, zəhərlənmə şübhəsi ilə Omskda xəstəxanaya yerləşdirildikdən bir neçə gün sonra Berlinin "Charite" klinikasına aparılıb. Almaniya A. Navalnıdan götürülən nümunələr üzərində aparılan toksikoloji testlərdə "Noviçok" qrupuna aid olan sinir iflicedici maddənin izlərinin tapıldığını bəyan edib. O, Almaniyada müalicə olunub. Müalicə bitdikdən sonra Rusiyaya qayıdan A. Navalnı hava limanında həbs edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR