Pompeo: “ABŞ Belarusu Vaşinqton və Moskva arasında seçim qarşısında qoymayacaq”

Pompeo: “ABŞ Belarusu Vaşinqton və Moskva arasında seçim qarşısında qoymayacaq”
# 01 fevral 2020 14:52 (UTC +04:00)

Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Maykl Pompeonun Belarusa səfəri başlayıb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, M. Pompeo Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşüb.

A. Lukaşenko iki ölkə arasında uzunmüddətli anlaşmazlıqdan sonra Minskə səfər etdiyinə görə dövlət katibinə təşəkkür edib. Prezident Pompeonu qiyabi olaraq çoxdan tanıdığını, onun hələ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri olduğu zaman Belarus xüsusi xidmət orqanları ilə əməkdaş etməsinə toxunub.

Dövlət katibi isə ölkəsinin Belarusun beynəlxalq terrorizmlə mübarizəsini yüksək qiymətləndirdiyini deyib: “Bəli, biz terrorizmlə mübarizə zamanı birlikdə çalışmışıq. Bundan sonra da münasibətlərimizi bu istiqamətdə inkişaf etdirə bilərik”.

Görüş zamanı Pompeo ABŞ hökumətinin Belarus qarşısında Moskva və Vaşinqton arasında seçim qoymayacağını vurğulayıb: “Biz sizin Rusiya ilə uzunmüddətli münasibətlərinizin olduğunu bilirik. Buna görə də ABŞ və Rusiya arasında seçimdən bəhs etmirik”.

O, Belarusun suverenliyi və müstəqilliyi naminə Minsklə əməkdaşlıq etməyə hazır olduqlarını da bildirib.

Dövlət katibi Belarusda insan haqlarının vəziyyəti ilə bağlı ABŞ-ın narahatlıq keçirdiyini və bu sahədə inkişafa ümid etdiyini də diqqətə çatdırıb.

Pompeo ABŞ-ın yaxın vaxtlarda Belarusa səfir təyin edəcəyini diqqətə çatdırıb.

Qeyd edək ki, Belarus öz səfirini 2008-ci ildə Vaşinqtondan geri çağırıb. Buna səbəb ABŞ-ın bir sıra Belarus şirkətinə sanksiya tətbiq etməsi olub. Bundan sonra ABŞ diplomatik missiyasının rəhbəri Karen Stüart da Minski tərk edib.

Onu da əlavə edək ki, bu, belə yüksək səviyyədə son 25 ildə ABŞ Administrasiyasından Belarusa edilmiş ilk səfərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR