Putin Dağıstanda koronavirusla mübarizəyə dair ətraflı plan hazırlamağı tapşırıb

#
# 17:01
18 may 2020

Rusiya Prezidenti Vladimir Putin Səhiyyə Nazirliyinə Dağıstan Respublikasında yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizəyə dair ətraflı plan hazırlamağı tapşırıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu gün Dağıstan rəhbərliyi və ictimaiyyəti ilə virtual görüşdə V. Putin Dağıstanda koronavirusla bağlı yaranmış vəziyyətlə bağlı bıra sıra tapşırıqlar verib.

Rusiya Prezidenti bildirib ki, hazırlanacaq sənəddə regionun səhiyyəsi üçün test sistemləri, dərmanlar, avadanlıqlar və kadrlar da daxil olmaqla, əlavə yardımlar əks olunmalıdır: “Dağıstan Respublikasında vəziyyət mürəkkəbdir və bu vəziyyət Rusiyanın regional hakimiyyət orqanları ilə hökumətin əlavə və təxirəsalınmaz tədbirlərini tələb edir”.

V. Putin "Rospotrebnadzor"a Dağıstanda epidemioloji vəziyyəti daimi monitorinq etməyi və profilaktik tədbirlərlə bağlı dəqiq tövsiyələr verməyi tapşırıb: “Fövqəladə Hallar Nazirliyi də öz növbəsində respublikada, ilk növbədə sosial müəssisələrdə və səhiyyə obyektlərində sanitar təmizləmə işi aparmalıdır”.

Rusiya Prezidenti Dağıstan sakinlərinə də müraciət edib: “2003-cü ilə böyük Rəsul Həmzətovla görüşümü və onun məşhur sözlərini xatırlayıram: “Dağıstanın xoşbəxtliyi və çiçəklənməsi üçün əsas Dağıstan xalqlarının və millətlərinin bölünməzliyi, toxunulmazlığı və vahidliyidir”. Biz birlikdə Dağıstan torpağında sülh olması üçün çox iş gördük. Respublikanın iqtisadi, sosial tapşırıqlarının həlli üçün birlikdə işə başladıq və bunu mütləq davam etdirəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR