Rusiya Dövlət Dumasının sədri: “ABŞ “müttəfiqlərinin” suverenliyini qəsb edir”

Rusiya Dövlət Dumasının sədri: “ABŞ “müttəfiqlərinin” suverenliyini qəsb edir”
# 26 aprel 2021 10:26 (UTC +04:00)

“ABŞ tərəfdaş adlandırdığı “müttəfiq” ölkələrin suverenliyini qəsb edir”.

APA-nın RİA “Novosti”yə istinadən xəbərinə görə, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin özünün “Telegram” kanalında bildirib.

O qeyd edib ki, demokratiya böhranı ilə üzləşən ABŞ Qərb ölkələrini də vətəndaşlarının iradəsinə zidd addımlar atmağa təhrik edir: “Bu isə o deməkdir ki, analoji dövlətlərdə hakimiyyətin mənbəyinə xalq yox, ”Uncle Sam” (“Sem dayı” - "Birləşmiş Ştatlar" ifadəsinin təhrif olunmuş forması - red.) çevrilir. ABŞ-ın təzyiq etdiyi ölkələrdən isə hələlik yalnız Almaniya ona müqavimət göstərməyi bacarır”.

V. Volodin buna “Şimal axını-2” layihəsi ətrafında baş verənləri misal göstərib: “Əksər hallarda isə Birləşmiş Ştatlar “tərəfdaş” adlandırdığı ölkələri marionet kimi istifadə edir və onlar sahiblərinin hər bir istəyini yerinə yetirirlər. Bu da belə dövlətlərdə demokratiyanı məhdudlaşdırır”.

Qeyd edək ki, "Şimal axını-2" layihəsinin tikintisi davam etdirilir. Layihənin operatoru və “Qazprom”un törəmə şirkəti olan “Nord Stream 2 AG”nin məlumatına görə, indiyədək işlərin 95 faizdən çox hissəsi yekunlaşıb. Hazırda 121 kilometrlik ərazidə tikinti-quraşdırma işləri həyata keçirilir.

“Şimal axını-2” Rusiyadan başlayaraq, Baltik dənizi vasitəsilə Almaniyaya ildə 55 milyard kubmetr qaz ötürəcək iki kəmərdən ibarət layihədir. ABŞ, Ukrayna və bir sıra Avropa ölkəsi onun icrasına qarşı çıxır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR