Zviad Ciciquri: “Xarici İşlər Nazirliyi Mixail Saakaşvilinin David Qareci monastırı ilə bağlı fikirlərinə aydınlıq gətirməlidir”

Zviad Ciciquri: “Xarici İşlər Nazirliyi Mixail Saakaşvilinin David Qareci monastırı ilə bağlı fikirlərinə aydınlıq gətirməlidir”
# 14 may 2007 16:09 (UTC +04:00)
Gürcüstan parlamentinin “Demokratik Cəbhə” fraksiyasının üzvü Zviad Ciciquri Xarici İşlər Nazirliyinə müraciət edərək prezident Saakaşvilinin David Qareci monastırının taleyi ilə bağlı fikirlərinə aydınlıq gətirməyi xahiş edib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, deputat bildirib ki, Mixail Saakaşvilinin “strateji yüksəkliklər Azərbaycana, David Qareci monastırı isə tam şəkildə bizə veriləcək” fikirləri aydın deyil: “Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən strateji yüksəkliklərdə David Qareci monastırının əsas hissələri, həmçinin Zühur kilsəsi yerləşir. Belə olan təqdirdə necə ola bilər ki, strateji yüksəkliklər Azərbaycana verilir, amma monastır tam şəkildə Gürcüstanda qalır? Prezidentin bu fikirlərinə heç kəs aydınlıq gətirə bilmir. Xarici İşlər nazirliyindən bildirdilər ki, prezidentin nəyi nəzərdə tutduğu onlara məlum deyil. Dövlət Sərhədinin Mühafizəsi Departamentindən də eyni sözləri dedilər”. Qeyd edək ki, Gürcüstan prezidenti Mixail Saakaşvili David Qareci monastır kompleksi ilə bağlı iki ölkə arasında razılıq əldə olunduğunu deyib. O bildirib ki, yaxın vaxtlarda sərhədlərin delimitasiyası üzrə komissiyaların yığıncağı keçiriləcək: “Davis Qareci kompleksi tamamilə Gürcüstan ərazisində, Azərbaycan üçün strateji əhəmiyyəti olan yüksəkliklər isə bu ölkədə qalacaq”. M. Saakaşvili konkret hansı ərazilərdən söhbət getdiyini açıqlamayıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR