Gürcüstanın azərbaycanlılar yaşayan Dmanisi rayonunun 7 kəndində tibbi xidmətlə bağlı ciddi problemlər yaranıb

Gürcüstanın azərbaycanlılar yaşayan Dmanisi rayonunun 7 kəndində tibbi xidmətlə bağlı ciddi problemlər yaranıb
# 09 iyun 2007 08:44 (UTC +04:00)
Azərbaycanlıların kompakt yaşadığı Gürcüstanın Dmanisi rayonun 7 kəndində xəstəxana yoxdur. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Hüseynçay, Məmişli, Qarabulaq, Hamamlı, Qəmərli, Çopralı ve Salamməlik kəndinin sakinləri tibbi yardım almaq üçün rayon mərkəzi xəstəxanasına getmək məcburiyyətində qalırlar. Kənd sakinləri təcili tibbi yardım almaq üçün 20-25 kilometr məsafəni qət etməli olurlar. Sözügedən kəndlərdən rayon mərkəzinə marşrut işləmədiyindən sakinlər bu qədər yolu atlarla qət etmək məcburiyyətindədir. Kənd sakinləri vaxta qənaət etmək üçün ən yaxşı halda Qarabulaq kəndinə gedə və xəstəxanaya yetişmək üçün 40-60 lariyə (20 35 ABŞ dolları) taksi tuta bilərlər ki, buna da imkanları çatmır. Kənd sakinlərinin tək gəlir mənbəyi heyvandarlıq sahəsidir. Bölgədə yeganə tibb mərkəzi keçmiş Sovet İttifaqı dövründə Qarabulaq kəndində fəaliyyət göstərib. İttifaq dağıldıqdan sonra isə bu mərkəzin fəaliyyəti dayanıb. Kvemo-Kartli bölgəsinin qubernatoru Zurab Melikaşvili APA-nın Gürcüstan bürosuna bildirib ki, hazırda ölkənin Səhiyyə Nazirliyi “100 xəstəxana” layihəsi üzərində çalışır. Layihəyə əsasən, Gürcüstanın hər bir bölgəsində bir xəstəxana tikiləcək. Z. Melikaşvilinin sözlərinə görə, həmin tibb mərkəzlərindən birinin Dmanisi rayonunun mərkəzində inşa edilməsi planlaşdırılıb. Kəndlərdə isə təcili tibbi yardım mərkəzləri yaradılacaq, Qarabulaq ambulatoriyası bərpa olunacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR