Gürcüstan prezidentinin sabiq mətbuat sözçüsü haqqında iki aylıq həbs-qətimkan tədbiri seçilib

Gürcüstan prezidentinin sabiq mətbuat sözçüsü haqqında iki aylıq həbs-qətimkan tədbiri seçilib
# 26 sentyabr 2007 07:45 (UTC +04:00)
Tiflis şəhər Məhkəməsi sentyabrın 25-də korrupsiya ittihamı ilə həbs olunmuş prezidentin mətbuat sözçüsü və parlament katibi Dmitri Kitoşvili haqqında iki aylıq həbs-qətimkan tədbiri seçib. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, məhkəmə prokurorun D. Kitoşvilinin vəzifədən uzaqlaşdırılması haqda vəsatətini də təmin edib. Vəkil müdafiə etdiyi şəxsin 30 min lari girov qoymaqla sərbəst buraxılması barədə vəsatət qaldırsa da, hakim bu tələbə rədd cavabı verib. D. Kitoşvili isə heç yerə qaçmaq fikrində olmadığını söyləyərək azyaşlı uşağının olmasını və ikinci uşağın dünyaya gəlməsini gözlədiklərini buna sübut kimi göstərib.
Qeyd edək ki, sabiq prezident sözçüsünə qarşı Cinayət Məcəlləsinin 181-ci maddəsi ilə ittiham irəli sürülüb və onu 6 ilə qədər həbs cəzası gözləyir. D. Kitoşvili sabiq deputat, hazırda bizneslə məşğul olan Camal Svanidzeni “GeoCell” şirkətində faktiki dəyəri 10 milyon dollar olan 2,6 faizlik səhm paketini nominal qiymətə - 250 min dollara satmağa məcbur etməkdə günahlandırılır. İstintaq materiallarında qeyd olunur ki, həmin vaxt 250 min dollar “Art” şirkətinin təsisçisi Quram Qoqua adlı şəxsin adına köçürülüb. D. Kitoşvili sövdələşmədə iştirakını inkar etməyib: “Yalan danışmaq istəmirəm, danışıqlarda iştirak etmişəm. Mən Camal Svanidzenin “GeoCell” şirkətindəki payının Quram Qoquaya satılması üçün bu şəxslər arasında əlaqə yaratmışam”. C. Svanidze istintaqa ifadəsində bildirib ki, D. Kitoşvili onunla danışıqlarda hakim partiya Milli Hərəkatın adından istifadə edib: “Bu, elə formada deyildi ki, onu mütləq yerinə yetirmək lazım idi. Bildirdilər ki, səhmlərin başqasının adına keçirilməsi ilə əldə ediləcək vəsait partiyanın ehtiyaclarına sərf olunacaq”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR