Mixail Saakaşvili Rusiyanı tanınmamış respublikalara dəstək verməkdə ittiham edib

Mixail Saakaşvili Rusiyanı tanınmamış respublikalara dəstək verməkdə ittiham edib
# 27 sentyabr 2007 09:51 (UTC +04:00)
APA-nın Gürcüstan bürosunun xəbərinə görə, M. Saakaşvili Kodor dərəsində sentyabrın 20-də baş verən insidenti buna misal kimi göstərib. O, Gürcüstan hüquq-mühafizə orqanlarının əməkdaşları ilə Abxaziya separatçıları arasındakı silahlı toqquşmada öldürülən şəxslərdən birinin Rusiya ordusunun zabiti olduğunu bildirib. Gürcüstan prezidenti barmağı ilə Rusiya nümayəndələrini göstərərək deyib: “Çox təəccüblüdür, Rusiya Silahlı Qüvvələrinin podpolkovnikinin Gürcüstan meşələrində nə işi var? O, silahlı qiyamçıları təxribat aktı törətmək üçün təşkil edib və istiqamətləndirib. Rusiyaya öz ərazisi və meşələri kifayət etmirmi?” M. Saakaşvili Abxaziya münaqişəsinin həlli üçün sülhməramlı əməliyyatın və danışıqların formatının dəyişdirilməsinin vacibliyini vurğulayıb: “Mən BMT-ni sülh prosesinin hərtərəfli təhlilini aparmağa çağırıram. “Sülhməramlı” deyilən qüvvələr neytral qüvvələrlə əvəz olunmalıdır. Bizim üçün status-kvonun saxlanılması yox, problemin həlli daha önəmlidir. Münaqişələrin həlli və qaçqınların qayıtması üçün real mexanizm hazırlanmalıdır”. M. Saakaşvili BMT-nin əsas dəyərlərinin insanların azadlıq və dinc yaşam hüququ olduğunu söyləyib: “Gürcüstan və Ukraynadakı inqilablar bu ölkələri demokratiya yoluna istiqamətləndirdi, ancaq beynəlxalq dəstək olmadan bu, çox çətin olardı. Gürcüstan hakimiyyəti bu gün dövlətin inkişafı üzərində işləyir. Ancaq Abxaziya və Sxinval regionundakı problemlər həll olunmasa, demokratiyanın inşası layihəsi yekunlaşa bilməz”. 500 minə yaxın insanın Abxaziyadan qovulduğunu söyləyən M. Saakaşvili bunun XX əsrdə baş verən ən iri miqyaslı etnik təmizləmələrdən biri olduğunu bildirib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR