Gürcüstan müxalifətinin mitinqi insidentlə nəticələnib, bir deputatın başı yarılıb

Gürcüstan müxalifətinin mitinqi insidentlə nəticələnib, bir deputatın başı yarılıb
# 29 oktyabr 2007 10:37 (UTC +04:00)
Oktyabrın 28-də Gürcüstanın Zuqdidi şəhərində birləşmiş müxalifətin mitinqi keçirilib. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, aksiyada yüzlərlə adam iştirak edib. Müxalifət liderləri bu aksiyanı noyabrın 2-də Tiflisdə keçiriləcək böyük mitinq ərəfəsində baş məşq adlandırıblar. Ancaq aksiyanın sonunda sabiq prezident Zviad Qamsaxurdiyanın tərəfdarı olduqlarını bildirən bir qrup gənc mitinq iştirakçılarına hücum edib. İnsident zamanı Mühafizəkar Partiyanın deputatı, “Demokratik cəbhə” parlament fraksiyasının üzvü Bejan Qunava döyülüb. O, jurnalistlərə müsahibə verərkən hücuma məruz qalıb. Həmin anı əks etdirən kadrlar “İmedi” telekanalında nümayiş etdirilib. B. Qunava qaçaraq yaxınlıqdakı mağazaların birində gizlənmək istəsə də, gənclər onun dalınca gələrək deputatı orada da döyüblər. B. Qunava həmin şəxslərin hakimiyyətdəki Milli Hərəkat Partiyasının üzvləri olduğunu deyib. Polis əməkdaşları hadisə yerinə gəldikdən sonra insidentə son qoyulub. Ancaq xuliqanların heç biri yaxalanmayıb. Başı yarılan B. Qunavanın vəziyyəti ağırdır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR