Gürcüstan müxalifəti prezidentdən güzəşt tələb edir - FOTOSESSİYA

Gürcüstan müxalifəti prezidentdən güzəşt tələb edir - <font color=#FF0000>FOTOSESSİYA</font>
# 02 noyabr 2007 14:19 (UTC +04:00)
APA-nın Gürcüstan bürosunun xəbərinə görə, aksiyanın keçirildiyi Rustaveli prospektinin əsas hissəsi tamamilə dolub. Mitinqçilərin dəqiq sayını müəyyən etmək mümkün olmasa da, parlament binasının qarşısına 50 mindən çox insan toplaşıb və onların sayı getdikcə artır. Kütlə müstəqil Gürcüstanın ilk prezidenti Zviad Qamsaxurdiyanın oğlu, “Azadlıq” Hərəkatının lideri Konstantin Qamsaxurdiyanı “Zvi-a-di!” sədaları ilə qarşılayıb. K. Qamsaxurdiya çıxışında meydana ən əsas dəyərin insan olduğu yeni Gürcüstanın qurulması naminə toplaşdıqlarını bildirib: “Bu gün bizim qələbəmizin başlanğıc günüdür”. Keçmiş xarici işlər naziri, “Gürcüstanın yolu” Hərəkatının lideri Salome Zurabişvili ölkənin və övladlarının gələcəyi üçün meydana toplaşdıqlarını, daha yalan eşitmək istəmədiklərini söyləyib: “Biz minlərlə insanın tərk etdiyi, mədəniyyətin öldüyü ölkə istəmirik. Biz azad, dinc, ədalətli və güclü Gürcüstan istəyirik”. Leyboristlər Partiyasının lideri Şalva Natelaşvili isə qələbənin yaxın olduğunu deyib: “Bugünkü gün tarixə düşdü”. Respublika Partiyasının liderlərindən biri Tina Xidaşeli hakimiyyət güzəştə gedib müxalifətlə dialoqa razılaşanadək meydanda qalmağı təklif edib. Mühafizəkar Partiyanın lideri Zviad Dzidziquri isə prezidentsiz Gürcüstan tələb etdiklərini açıqlayıb: “Bugünkü mitinqə görə Siqnaxiyə qaçıb əcnəbi dostları ilə kabab yeyən prezident bizə lazım deyil. Artıq bu gün deyə bilərik ki, dörd il davam edən ağır xəstəlikdən sonra Vahid Milli Hərəkat Partiyası vəfat edib. Parlamentin binası qarşısında başlayan dəfn mərasimi bir neçə gün davam edəcək”. Müxalifət liderlərinin çıxışından sonra “açıq tribuna” elan olunub və istənilən şəxsin çıxış etməsinə imkan yaradılacağı bildirilib. Aksiyanın gedişində xırda insident də qeydə alınıb. Bir neçə gənc parlamentin ətrafındakı polis kordonunu yararaq içəri keçməyə cəhd göstərib. Müxalifət liderləri insanları təmkinli olmağa, hər hansı provokasiya və zorakılığa yol verməməyə çağırıb.
Qeyd edək ki, müxalifət parlament seçkilərinin daha əvvəl - Konstitusiya dəyişikliyinə qədər müəyyənləşdirilmiş tarixdə, yəni 2008-ci ilin aprelində keçirilməsini tələb edir. Son Konstitusiya dəyişikliyi nəticəsində isə parlament və prezident seçkilərinin 2008-ci ilin sonlarında, eyni gündə keçirilməsi qərarlaşdırılıb. /APA/























#
#

ƏMƏLİYYAT İCRA OLUNUR