Tiflisin Rike meydanına toplaşan müxalifət tərəfdarları parlament binasına yürüşə hazırlaşır

Tiflisin Rike meydanına toplaşan müxalifət tərəfdarları parlament binasına yürüşə hazırlaşır
# 07 noyabr 2007 13:48 (UTC +04:00)
APA-nın Gürcüstan bürosunun xəbərinə görə, birləşmiş müxalifətin liderləri parlament binası qarşısındakı kütlənin dağıdılmasından sonra ABŞ və bir sıra Avropa ölkələrinin Gürcüstandakı səfirləri ilə görüş keçiriblər. Görüşdən sonra Rike meydanına toplaşmağa qərar verən müxalifət liderləri öz tərəfdarları ilə birlikdə parlament binasına doğru yürüş etməyə hazırlaşır. Hazırda parlamentin qarşısı Rustaveli prospekti xüsusi təyinatlıların nəzarəti altındadır. Ölkədə yaranmış vəziyyətə münasibət bildirən Xalq Müdafiəçisi ombudsman Sozar Subari Gürcüstanı “Lukaşenkonun Belarusu” adlandırıb: “Mən özüm də Rustaveli prospektində idim və gözyaşardıcı qazla zəhərləndim. Bu gün biz əmin olduq ki, Gürcüstan demokratiyanın mayakı yox, Lukaşenkonun Belarusudur. Aydın oldu ki, Gürcüstanda demokratiya yoxdur. Mənim gözlərim qarşısında insanları döydülər, “İmedi” telekanalının jurnalistlərini “Badrinin itləri” adlandıraraq dəyənəklə vurdular”. S. Subari ölkədə demokratiyanın bərpası və insan haqlarının qorunması üçün əlindən gələni edəcəyini, amma bunun çox uzun yol olduğunu söyləyib. Baş nazir Zurab Noqaideli isə Gürcüstanın demokratiya prinsiplərinə sadiq olduğunu, insanlara fikirlərini sərbəst ifadə etmək üçün şərait yaradıldığını deyib. Nazirlər Kabinetinin iclasında iştirak edən Z. Noqaideli jurnalistlərin israrlı tələblərindən sonra yığıncağı yarımçıq saxlayaraq hadisələrə münasibət bildirib. O, etiraz aksiyasına son qoyulduğunu və şəhərin baş arteriyasının açıldığını vurğulayıb. Z. Noqaidelinin sözlərinə görə, nümayişçilərin bir hissəsi Rustaveli prospektini bağlamağa cəhd göstərib və hüquq-mühafizə orqanları buna qarşı beynəlxalq praktikada da tətbiq olunan tədbir görüb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR