Gürcüstan Rusiyadakı səfirini geri çağırıb və bu ölkənin Tiflisdəki səfirliyinin bir neçə əməkdaşını persona non-qrata elan edib

Gürcüstan Rusiyadakı səfirini geri çağırıb və bu ölkənin Tiflisdəki səfirliyinin bir neçə əməkdaşını persona non-qrata elan edib
# 07 noyabr 2007 16:52 (UTC +04:00)
Müxalifət tərəfdarlarının dövlət binalarının yerləşdiyi əraziyə girişini əngəlləmək üçün Rustaveli prospektinin başlanğıcında hüquq-mühafizə orqanlarının əməkdaşlarından ibarət güclü kordon yaradılıb. Tiflis küçələrində Rike meydanından sıxışdırılan nümayişçilərlə xüsusi təyinatlılar, polislər və əsgərlər arasında toqquşmalar davam edir. Səhiyyə Nazirliyi saat 17.30-a qədər Tiflis xəstəxanalarına 360 nəfərin müraciət etdiyini açıqlayıb. Onlardan 251 nəfəri ilkin tibbi yardımdan sonra buraxılıb. Son olaylarla əlaqədar Rusiya səfiri Vyaçeslav Kovalenko XİN-ə çağırılıb. Xarici işlər nazirinin birinci müavini Nikoloz Vaşakidze səfirdən izahat tələb edib. Rəsmi Tiflis Rusiyadakı səfiri İrakli Çubinişvilini məsləhətləşmələr üçün geri çağırıb. Televiziya ilə xalqa müraciət edən prezident Mixail Saakaşvili artıq Rusiya səfirliyinin bir neçə əməkdaşının persona non-qrata (arzuolunmaz şəxs) elan olunduğunu açıqlayıb: “Rusiya səfirliyinin agentura fəaliyyəti ilə məşğul olan bir neçə əməkdaşı arzuolunmaz persona elan olunub. Onlar yaxın günlərdə Gürcüstanı tərk etməlidir. Bizdə təkzibolunmaz materiallar var və bunlar dərc olunacaq”. M. Saakaşvili Gürcüstanda qarışıqlıq yaratmaq üçün Rusiyadan təlimatlar verildiyini və pul göndərildiyini, casuslardan birinin həbs olunduğunu açıqlayıb: “Bizim xüsusi xidmət orqanları Rusiyada Gürcüstanın alternativ hökumətinin yaradıldığını müəyyən ediblər”. O, polisin mitinqçilərə qarşı dəyənək və xüsusi vasitələr tətbiq etməsindən təəssüfləndiyini söyləyib: “Bunda xoşagələn bir şey yoxdur və mənim qəlbimdə ağrılara səbəb olur. Bu, Gürcüstan üçün faydalı deyil və hadisələrə sevinən bəzi dövlətlərin dəyirmanına su tökür”. Dövlət başçısı başqa dövlətlərin nümayəndələrindən təlimat alan şəxslər istisna olmaqla, müxalifətin digər hissəsini dialoqa çağırıb. O, Tiflisdə qayda-qanunu bərpa edəcəyini də deyib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR