Rusiya və ABŞ Gürcüstandakı hadisələrə münasibətlərini açıqlayıblar

Rusiya və ABŞ Gürcüstandakı hadisələrə münasibətlərini açıqlayıblar
# 08 noyabr 2007 08:48 (UTC +04:00)
Rusiya Xarici İşlər Nazirliyi rəsmi Tiflisə birbaşa təsir imkanı olan dövlətləri Gürcüstan hakimiyyətini destruktiv addımlardan çəkindirməyə çağırıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu çağırış Rusiya XİN-in Mətbuat və informasiya departamentinin bəyanatında əksini tapıb. Mixail Saakaşvilinin Rusiyanın ünvanına səsləndirdiyi ittihamların xatırladıldığı bəyanatda Gürcüstan hakimiyyətinin Rusiyaya qarşı düşmənçiliyi davam etdirdiyi bildirilir: “Biz Tiflisə birbaşa təsir imkanı olanları Gürcüstan hakimiyyətini proqnozlaşdırılmayan nəticələrə səbəb ola biləcək destruktiv addımlardan çəkindirməyə çağırmaq istərdik. Bizə bunu edəcəklərinə dair dəfələrlə vəd veriblər. Ümid edirik ki, bu vədlər yerinə yetiriləcək”. Rusiya XİN-in fikrincə, Gürcüstan hakimiyyəti Rusiyanın simasında düşmən obrazı yaratmaq cəhdlərini israrla davam etdirir: “Bunun hansı məqsədlə edildiyi bəllidir. Çünki indiki hökumətin sosial-iqtisadi kursunun iflasa uğramasına, əhalinin acınacaqlı vəziyyətinə, Abxaziya və Cənubi Osetiya problemlərinin konstruktiv həllindən imtinaya, ölkə rəhbərliyinin avtoritarizminə, nəhayət, demokratik azadlıqları tapdalamasına hansısa yolla bəraət qazandırmaq lazımdır. Mixail Saakaşvilinin nitqindəki pafos bir məqsədə yönəlib: Gürcüstan vətəndaşları xarici təhlükə qarşısında prezidentin günahlarını bağışlamalı və onun möhkəm əlinin qayda-qanun yaratması ilə barışmalıdır”.
Rəsmi Vaşinqton da Gürcüstandakı hadisələrlə bağlı açıqlama yayıb. Dövlət Departamentinin rəsmi nümayəndəsi Şon Makkormak bildirib ki, Buş administrasiyası xarici qüvvələrin Gürcüstandakı proseslərə müdaxiləsi haqda hələlik heç nə deyə bilməz, amma bu təsdiqlənərsə, Vaşinqtonda narahatlığa səbəb olacaq”. Ş. Makkormak Gürcüstandakı bütün tərəfləri zorakılıq və provokasiyalardan uzaq durmağa çağırıb. ATƏT-in fəaliyyətdə olan sədri Migel Anhel Moratinos da narahatlığını dilə gətirərək hakimiyyət və müxalifətin vəziyyətin pisləşməsinin qarşısını almaq üçün bütün imkanlardan istifadə edəcəyinə ümid etdiyini söyləyib. O, vəziyyətdən yalnız dialoq yolu ilə çıxmağın mümkünlüyünü vurğulayıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR