Litvanın xarici işlər naziri və Ukrayna xarici işlər nazirinin müavini Tiflisə gediblər

Litvanın xarici işlər naziri və Ukrayna xarici işlər nazirinin müavini Tiflisə gediblər
# 08 noyabr 2007 12:51 (UTC +04:00)
Litvanın xarici işlər naziri Pyatras Vaytekunas Gürcüstana təcili səfər edəcək. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, Ermənistanda səfərdə olan nazir ölkəsinin və Avropa Birliyinin narahatlığını çatdırmaq üçün Gürcüstana gedəcəyini açıqlayıb: “Mən Gürcüstan paytaxtına səfər etməyi planlaşdırmırdım. Amma orada baş verən hadisələr məni planlarımı dəyişməyə sövq etdi. Biz Litvanın və Avropa Birliyinin yaranmış vəziyyətdən narahat olduğunu Gürcüstan rəhbərliyinin və ictimaiyyətinin nəzərinə çatdırmaq istəyirik. Onlara demək istəyirik ki, Avropa inkişaf yolu Gürcüstan üçün çox vacibdir və Avropa dəyərlərinə riayət etmək lazımdır. Biz gürcü xalqına göstərmək istəyirik ki, o, tək deyil və Avropa onun gələcəyinə biganə qalmır”. P. Vaytekunasın sözlərinə görə, Gürcüstanın Avropa strukturlarına inteqrasiyası zorakılıqla müşayiət olunmamalıdır.
Ukraynanın xarici işlər naziri Arseni Yasenyuk isə öz şəxsi nümayəndəsini nazir müavini Konstantin Yeliseyevi Tiflisə göndərib. Ukrayna XİN rəsmi Kiyevin Gürcüstandakı son hadisələri narahatlıqla izlədiyini açıqlayıb: “Bütün tərəflər Konstitusiya çərçivəsində, demokratik norma və standartlara riayət etməklə addım atmalıdır. Yalnız tərəflər arasında konstruktiv dialoqun qurulması və inkişafı vəziyyəti düzəldə, ölkədə sabitliyə gətirib çıxara bilər”. Bununla yanaşı, Ukrayna XİN hesab edir ki, Gürcüstanda baş verənlər bu ölkənin daxili işidir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR