ABŞ Gürcüstan hakimiyyətinin növbədənkənar prezident seçkiləri keçirilməsi barədə qərarını alqışlayıb

ABŞ Gürcüstan hakimiyyətinin növbədənkənar prezident seçkiləri keçirilməsi barədə qərarını alqışlayıb
# 09 noyabr 2007 08:56 (UTC +04:00)
Corc Buş administrasiyası Gürcüstan hakimiyyətinin ölkədə növbədənkənar prezidenti seçkilərinin və parlament seçkilərinin tarixi ilə bağlı referendumun keçirilməsi barədə qərarını alqışlayıb. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, Dövlət Departamenti rəsmi Tiflisi fövqəladə vəziyyəti ləğv etməyə və bütün kütləvi informasiya vasitələrinin fəaliyyətinə icazə verməyə də çağırıb: “Bu, seçkilər və referendum üçün demokratik mühitin yaradılması baxımından vacibdir. Biz bütün tərəfləri təmkinli olmağa, qanunun aliliyinə hörmət göstərməyə və demokratik siyasi sistemin möhkəmləndirilməsi üçün ciddi danışıqlar aparmağa çağırırıq. Bu cür danışıqlar kompromis və Gürcüstanın suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə, insan haqlarına bağlılıq ruhunda olmalıdır”. Ağ Evin mətbuat katibi Dana Perino da Texasa uçan prezidentin təyyarəsində jurnalistlərə açıqlamasında Gürcüstandakı proseslərə toxunub: “Biz tərəfləri açıq dialoqa çağırırıq. İnsanlara dinc yolla etirazını bildirmək imkanı verilməlidir. Bu ölkələr gənc demokratiyalardır və hələ yeni-yeni öyrənirlər. Biz onları bir-biri ilə ünsiyyət qurmağa səsləyirik”.
Qeyd edək ki, Avropa Şurası və Avropa Birliyi son hadisələrlə bağlı Gürcüstana xüsusi missiyalar göndəriblər. Bu gün Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi, həmçinin AŞPA-nın Gürcüstan üzrə həmməruzəçiləri Matias Yorş və Kastrio İslam Gürcüstan rəhbərliyi və müxalifəti ilə danışıqlar aparacaqlar. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR