Piter Semnebi: “Gürcüstanda noyabrın 7-də baş verən hadisələrin şəffaf və ədalətli təhqiqatı aparılmalıdır”

Piter Semnebi: “Gürcüstanda noyabrın 7-də baş verən hadisələrin şəffaf və ədalətli təhqiqatı aparılmalıdır”
# 12 noyabr 2007 08:46 (UTC +04:00)
Bu eksklüziv açıqlamanı APA-nın Gürcüstan bürosuna Avropa İttifaqının Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə xüsusi nümayəndəsi Piter Semnebi verib. Ölkədə baş verən son hadisələrlə əlaqədar noyabrın 10-da Tiflisə gələn Piter Semnebi hakimiyyət, müxalifət, media və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşüb, 5 gün əvvəl xüsusi təyinatlı qüvvələrin müdaxiləsi ilə yayımı dayandırılan “İmedi” telekanalına baş çəkib. Avropa İttifaqının rəsmisi qeyd edib ki, “İmedi” telekanalının texniki avadanlığının bir hissəsi yoxa çıxıb: “Mən ofisə hər hansı zərər dəydiyini görmədim. Amma, xüsusi təyinatlıların reydi zamanı qapı və pəncərələrin sındırılması kimi halları da istisna etmirəm. Lakin biz texniki ekspert deyilik və texniki və maddi zərəri müəyyənləşdirməklə məşğul olmuruq”. Pter Semnebi Gürcüstanın Avropa İttifaqının Cənubi Qafqazda stabil tərəfdaşı olmasını arzulayıb: “Biz ümumi vəziyyəti dəyərləndirmişik. Gürcüstanda vəziyyətin normallaşmağa başladığını qeyd etmək istəyirəm. Hesab edirəm ki, noyabrın 7-də baş verən hadisələrin açıq və şəffaf təhqiqatı aparılmalıdır. Ümidvaram ki, yaxın günlərdə ölkədə fövqəladə vəziyyət ləğv olunacaq və kütləvi informasiya vasitələrinin normal fəaliyyəti bərpa olunacaq. Müxalifətlə hakimiyyət arasında dialoqun başlamasını müsbət qiymətləndirir və yanvarın 5-də prezident seçkilərinin beynəlxalq normalara uyğun keçiriləcəyinə ümid edirik”. Avropa Komissiyasının Gürcüstandakı nümayəndəliyinin rəhbəri Per Eklund da APA-nın Gürcüstan bürosuna verdiyi açıqlamada hakimiyyətlə müxalifət arasında dialoqun müsbət nəticələnəcəyinə ümidvar olduğunu bildirib: “Keçmişi geri qaytara bilmərik, amma inanıram ki, bu dialoq gələcyin müəyyənləşməsində mühüm rol oynayacaq. Avropa Komissiyası və Avropa Şurası Gürcüstanda seçki islahatlarının aparılmasına və ölkənin seçki qanunvericiliyinə müvafiq dəyişikliklər edilməsinə lazımi dəstək verəcək”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR