Gürcüstan ombudsmanı: “Prezident seçkiləri Gürcüstan xalqının və demokratiyanın qələbəsi idi”

Gürcüstan ombudsmanı: “Prezident seçkiləri Gürcüstan xalqının və demokratiyanın qələbəsi idi”
# 16 yanvar 2008 10:38 (UTC +04:00)
- Yanvarın 5-də keçirilən prezident seçkilərini necə qiymətləndirirsiniz?
- Mən bu seçkiləri Gürcüstan xalqının qələbəsi kimi qiymətləndirirəm. Bu, demokratiyanın qələbəsi idi, çünki hər bir səs, hər bir faiz böyük əhəmiyyət daşıyırdı. Gürcüstan tarixində ilk dəfə olaraq belə hal baş verdi. Xalq başa düşdü ki, öz taleyini özü həll etməli və dövləti kimin idarə edəcəyini özü müəyyənləşdirməlidir. O ki qaldı yanvarın 5-də seçkilərin necə keçirilməsinə, həmin gün mən əməkdaşlarımla birlikdə müşahidə apardım. Bəzi qanun pozuntuları və saxtakarlıqların olmasına baxmayaraq, seçkilər çox sakit ab-havada keçdi. Bizim şahidi olduğumuz qanunsuzluqlar sənədləşdirilib və lazımı orqanlara çatdırılıb.
- Saxtakarlıqlar daha çox hansı bölgələrdə müşahidə olundu?
- Kvemo-Kartlidə və Samtsxe-Cavaxetiyanın bəzi kəndlərində saxtakarlıqlar daha çox nəzərə çarpdı. Məsələn, Kvemo-Kartlinin bir çox kəndlərində sovet dövründən qalmış seçici siyahıları eyniliklə istifadə olundu. Mən özüm Dmanisidə uzun müddət məktəb direktoru işləmişəm və yaxşı bilirəm ki, həmin kəndlərdə indi sovet dövründəkindən iki-üç dəfə az adam yaşayır. Onlar yaşayış şəraiti ağırlaşdıqdan sonra Gürcüstanı tərk ediblər. Bunları nəzərə aldıqda, belə halların seçkilərin yekun nəticələrinə təsir göstərdiyini söyləmək olar.
- 2006-cı ilin yazında tərtib edilən seçici siyahısına 2,4 milyon nəfər daxil edilmişdi. Keçən ilin sonunda isə bu rəqəm 3,4 milyona çatdırıldı. Bu məsələ ətrafında çox söz-söhbət yarandı.
- Düzdür, seçicilərin sayı bir ildə 1 milyon nəfər arta bilməz. Həmin rəqəmə Gürcüstan vətəndaşı olan, lakin xaricdə qeyri-qanuni şəkildə yaşayanlar daxildir. Məhz buna görə təbii olaraq onların adı seçici siyahısında qalmalıdır. Lakin bu prosesin özündə də qanun pozuntuları var. 10-15 il əvvəl dünyasını dəyişmiş insanların da seçici siyahılarında adı varsa, bunun özü böyük bir problemdir. Yəni həmin bir milyon rəqəmi saxtakarlıq üçün mənbədir. Eyni zamanda qeyd etmək istərdim ki, Kvemo Kartlidə və Cavaxetiyada yaşayan milli azlıqlar bəzən informasiya qıtlığı ilə əlaqədar düzgün qərar verməkdə çətinlik çəkir. Çünki bütün televiziyalar gürcü dilində olduğuna görə milli azlıqlar namizədlərin platforması ilə yaxından tanış ola bilmir. Hansısa namizədin bir dəfə öz seçki platforması haqqında Azərbaycan dilində məlumat verməsi kifayət deyil, bunun üzərində günlərlə, bəzən isə aylarla işləmək lazımdır. Bu prosesin ləng baş verməsi azərbaycanlıların və ermənilərin Gürcüstanın siyasi həyatından kənarda qalmasına səbəb olur. Nəticədə milli azlıqlar seçkilər kimi böyük əhəmiyyət daşıyan proseslərdə düzgün qərar verə bilmir. Bu, bizim üçün böyük problemdir və tezliklə həll etməliyik.
- Seçkiqabağı kampaniya dövründə azərbaycanlıların yaşadığı bölgələrə namizədlərdən yalnız üç nəfər səfər etdi. Belə olan halda demək olarmı ki, əhalinin düzgün qərar verməməsi əhalinin deyil, namizədlərin problemidir?
- Sizinlə tamamilə razıyam. Ancaq burada kiçik bir nüans var. Namizədlərin bir çoxu - məsələn, Maisaşvili, Sarişvili bir çox bölgələrə getmədilər, Patarkasişvili isə ümumiyyətlə, Gürcüstanda olmadı. Lakin gün ərzində onların televiziyalarda videoklipləri efirə gedirdi, seçki platformaları haqqında məlumat verilirdi. Təbii ki, gürcü dilini bilməyən auditoriya bu informasiyalardan məhrum idi. İnformasiya onların siyasi düşüncələrinin formalaşmasında böyük rol oynayır.
- Artıq seçkilər başa çatdı. Müxalifət əvvəlcədən dediyi kimi, mitinqlərə başladı. Necə düşünürsünüz, ötən ilin noyabr hadisələri təkrarlana bilərmi?
- Hər bir demokratik ölkədə mitinq keçirmək azaddır. Lakin mitinqlər qanunlar çərçivəsində keçirilməlidir. Əgər mitinq keçirənlər yolu bağlayırsa, polisin həmin ərazidə nəqliyyatın hərəkətini bərpa etməyə haqqı var. Nümayişçilər zor tətbiq edərsə, onda yenə polis güc yoluna əl ata bilər. Lakin bu, həmişə adekvat olmalıdır. Məsələn, 7 noyabr hadisələrində polis rezin güllələrdən istifadə etdi. Bu metoddan dünyanın hər yerində istifadə oluna bilər, lakin Gürcüstan qanunvericiliyində polisin rezin güllələrdən istifadə edib-etməməsinə dair heç nə yazılmayıb. Deməli, polisin bu cür hərəkəti qeyri-qanunidir. Biz bununla əlaqədar etirazımızı bildirəndə cavab verdilər ki, hər şey qanunda yazıla bilməz. Ümid edirəm ki, noyabr hadisələri təkrarlanmayacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR