Kreml Putin-Ərdoğan görüşünün detallarını açıqlayıb

Dmitri Peskov

© APA | Dmitri Peskov

# 30 sentyabr 2021 15:14 (UTC +04:00)

Kreml Rusiya və Türkiyə prezidentlərinin dünən Soçidə baş tutan danışıqlarının təfərrüatlarını açıqlayıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Kremlin mətbuat katibi Dmitri Peskov Vladimir Putin və Rəcəb Tayyip Ərdoğan görüşünün konstruktiv keçdiyini, iki ölkə üçün vaxtında, lazımlı və faydalı təmaslar olduğunu bildirib.

Onun sözlərinə görə, Putin-Ərdoğan danışıqlarında söhbət ilk növbədə ikitərəfli münasibətlərdən gedib: “Putin Rusiya mallarına Türkiyədə tətbiq olunan məhdudlaşdırmalar mövzusunu qaldırıb. İqtisadiyyatda qarşılıqlı məhdudlaşdırmaların saxlanılmasına diqqət yönəldilib. Bu məhdudlaşdırmalar, məsələn, Türkiyədə Rusiyanın metallurgiya və digər məhsullarına tətbiq edilən əlavə idxal rüsumlarıdır. Bundan başqa, liderlər kosmik sahədə əməkdaşlığı, türkiyəli kosmonavtın uçuşa hazırlığını müzakirə ediblər”.

D. Peskov Rusiya və Türkiyə liderlərinin Soçi görüşündə Suriya böhranını detallı müzakirə etdiklərini söyləyib: “Regional münaqişələr də liderlərin gündəliyində idi. Suriya ilə bağlı detallı fikir mübadiləsi aparıldı. Əfqanıstan və Liviya barədə də danışıldı. Prezidentlər İdlibdən terrorçuluq elementlərinin çıxarılması daxil olmaqla Suriya ilə bağlı əvvəlki razılaşmalara sadiq olduqlarını ifadə etdilər. Təəssüflər olsun ki, burada mən detallara girə bilmirəm, bu barədə tam məlumatlara malik deyiləm”.

Kremlin sözçüsü Putin və Ərdoğanın iki ölkə arasında hərbi-texniki əməkdaşlığı, o cümlədən S-400 zenit raket komplekslərinin göndərilməsini və S-400-lərin bir sıra hissələrinin Türkiyə ərazisində istehsalı imkanlarını da müzakirə etdiyini deyib: “Prezidentlər aviasiya sahəsində də əməkdaşlığın mümkünlüyünü müzakirə ediblər. Bilirsiniz ki, ABŞ Türkiyəni F-35 proqramından çıxarıb”.

Peskov liderlərin sanitar-epidemioloji vəziyyət imkan verəcəyi təqdirdə ilin sonuna kimi yeni görüş barədə razılığa gəldiyini də açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR