Moskvada COVID-19-la bağlı məhdudiyyətlərin müddəti uzadılıb

Moskvada COVID-19-la bağlı məhdudiyyətlərin müddəti uzadılıb
# 18 iyun 2021 11:46 (UTC +04:00)

Rusiyanın paytaxtı Moskva şəhərində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarının artması ilə əlaqədar tətbiq edilən məhdudiyyətlərin müddəti uzadılıb.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Moskva meri Sergey Sobyanin bildirib.

O, məhdudiyyətlərin iyunun 29-na kimi uzadıldığını, bununla yanaşı, yeni təbirlərin görüləcəyini qeyd edib.

Moskva merinin sözlərinə görə, əyləncə mərkəzlərindəki uşaq meydançaları və oyun otaqları daha 10 gün qapalı qalacaq, eyni zamanda, Moskvada COVID-siz restoranlar təcrübəsinə başlanılacaq və maksimum min nəfərlik tədbirlərə icazə veriləcək.

Moskvada fan zonalar və rəqs meydançaları da bağlanıb.

Paytaxtda iyulun əvvəlindən miqrantların “Sputnik layt” ilə peyvəndlənməsinə başlanılacaq.

Qeyd edək ki, Rusiya paytaxtında koronavirusa yoluxma halının kəskin artmasına görə, iyunun 12-dən başlayaraq bir həftəlik qeyri-iş həftəsi elan olunub. Ayın 13-dən 20-dək restoran və klublara axşam saat 23-dən səhər saat 6-dək yerində xidmət göstərmək qadağan olunub. Ticarət mərkəzlərindəki fud-kortlar və uşaq əyləncə mərkəzləri bu müddətdə bağlanıb. Analoji olaraq şəhər parklarındakı istirahət və əyləncə obyektləri fəaliyyətini dayandırıb. Müəssisələrə işçilərin ən azı 30%-nin məsafədən işə keçirilməsi tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR