Moskvada Rusiya və İran XİN rəhbərlərinin görüşü keçirilir - FOTO

Sergey Lavrov,  Hüseyn Əmir Abdullahian

© APA | Sergey Lavrov, Hüseyn Əmir Abdullahian

# 06 oktyabr 2021 12:33 (UTC +04:00)

Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov və onun iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında görüş başlayıb.

APA-nın Moskva müxbirinin xəbərinə görə, Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Qəbullar Evində keçirilən görüşün protokol hissəsində nazirlər çıxış ediblər.

S. Lavrov bildirib ki, Rusiya və İran prezidentlərinin bu ilin avqust və sentyabr aylarında baş tutmuş son telefon danışıqları zamanı gələcəkdə görüləcək işlərin bir sıra istiqamətləri razılaşdırdılıb.

“Bugünkü görüşdə bu razılaşmaların həyata keçirilməsi məsələsinə baxmalıyıq. Əməkdaşlığımızın yeni istiqaməti İranın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) tamhüquqlu üzv kimi qoşulması olacaq. Bununla bağlı müvafiq qərar ŞƏT-in bir müddət əvvəl Düşənbədə keçirilmiş sammitində verilib. Əlbəttə ki, bugünkü danışıqlarda İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının heç bir əlavə olmadan tam şəkildə bərpa olunması prioritet məsələdir. Biz danışıqlarda bu prosesi tezləşdirmək istəyirik. Gündəlikdə olan digər məsələlər isə, əlbəttə ki, Suriya, Yaxın Şərq və Şimali Afrikanın digər regionlarında əməkdaşlığımız və Fars körfəzi zonasında normal münasibətlərin bərpa olunması yollarıdır. Ona görə də, hesab edirəm ki, sizin Moskvaya səfərinizin olduqca vaxtında edilib. Əminəm ki, səmərəli işləyəcəyik”, - Rusiya XİN rəhbəri vurğulayıb.

İranın xarici işlər naziri iki ölkə arasında sıx münasibətlərin olduğunu qeyd edib: “Biz münasibətlərimizdə yeni vəzifələrin öhdəsindən gəlməliyik. Beynəlxalq və regional gündəmdə duran məsələlərdə əməkdaşlığımızla bağlı yaxşı təcrübəmiz var. Bizim çox müxtəlif ikitərəfli əməkdaşlıqlarımız mövcuddur. Bu gün bütün sahələrdə əməkdaşlığımızı inkişaf etdirmək üçün danışıqlar aparacağıq. Hesab edirik ki, beynəlxalq hüquqa uyğun olaraq biz ticarət sahəsində əməkdaşlığımızı inkişaf etdirə bilərik. Bu gün yaxşı imkan var ki, regional gündəmdə duran məsələlərə toxunaq. Mən Cənubi Qafqazı, Əfqanıstanı, eləcə də Yəməni nəzərdə tuturam”.

Hüseyn Əmir Abdullahian onu da qeyd edib ki, İranın yeni hökumətinin mehriban qonşuluq siyasətində Rusiya ilə münasibətlər prioritet təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR