Rusiya Federasiya Şurası Açıq Səma Müqaviləsindən çıxmaq haqda qanunun müzakirəsini təxirə salıb

Leonid Slutski

© APA | Leonid Slutski

# 18 may 2021 12:42 (UTC +04:00)

Rusiya parlamentinin yuxarı palatası Açıq Səma Müqaviləsinin denonsasiyası ilə bağlı qanun layihəsinə baxılmasını təxirə salıb.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiya Dövlət Dumasının Beynəlxalq əlaqələr komitəsinin sədri Leonid Slutski bildirib.

O, Federasiya Şurasının sabaha planlaşdırılan iclasında Açıq Səma Müqaviləsinin denonsasiyası ilə bağlı qanun layihəsinə baxılmayacağını qeyd edib: “Biz ehtimal edirdik ki, Federasiya Şurası bizdən (Dövlət Dumasından-red.) sonra bu dosyeyə baxacaq. Lakin Ali Baş Komandanın təqdimatı ilə bu qərar bir qədər sonraya saxlanılıb”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin mayın 11-də ölkəsinin Açıq Səma Müqaviləsini denonsasiya etməsi haqqında qanun layihəsini Dövlət Dumasına göndərib. Açıq Səma Müqaviləsi 1 yanvar 2002-ci il tarixində qüvvəyə minib və “soyuq müharibə”dən sonra Avropada inamın möhkəmləndirilməsi tədbirlərindən biri olub. Bu müqavilə iştirakçı üzv olan 34 ölkəyə bir-birlərinin silahlı qüvvələri və tədbirləri haqqında məlumat toplamağa imkan verib. Ötən ilin mayında ABŞ bu sazişdən çıxma prosedurunu başladıb və bu, noyabrın 22-də başa çatıb. Rəsmi Moskva isə bu ilin yanvarında məlum müqavilədən çıxdığını bəyan edib. Rusiya XİN Vaşinqtonun hərəkətlərinin digər dövlətlərin maraqlar balansını əhəmiyyətli dərəcədə pozduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR