Rusiyada yaşayış binasında partlayışda ölənlərin sayı 7-yə çatıb - YENİLƏNİB-3

Rusiyada yaşayış binasında partlayışda ölənlərin sayı 7-yə çatıb - YENİLƏNİB-3
# 09 sentyabr 2021 11:36 (UTC +04:00)

Rusiyanın Moskva vilayətinin Noqinsk şəhərində yaşayış binasında partlayış nəticəsində ölənlərin sayı 7-yə çatıb.

APA-nın məlumatına görə, xilasetmə xidmətindən TASS-a bildirilib ki, dağıntıların altından daha iki nəfərin meyiti tapılıb.

Bundan əvvəl beş nəfərin öldüyü açıqlanmışdı.

Axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Hadisə nəticəsində 15 nəfər müxtəlif dərəcəli xəsarət alıb, onlardan ikisi uşaqdır.

Xəsarət alanlardan 6-sı xəstəxanaya yerləşdirilib.

***

03.46

Rusiyanın Moskva vilayətinin Noqinsk şəhərində yaşayış binasında qaz sızması zamanı baş vermiş partlayış nəticəsində ölənlərin sayı 5-ə çatıb.

APA xəbər verir ki, bu barədə TASS-a Fövqəladə Hallar Nazirliyinin Moskva vilayəti Baş İdarəsindən məlumat verilib.

“Həyatını itirən beşinci şəxsin cəsədi dağıntılar altından çıxarılıb”, - deyə mənbə bildirib.

Məlumata görə, cəsədi tapılan uşaqdır, hazırda iki nəfərin taleyi naməlum olaraq qalır.

Hazırda axtarış-xilasetmə işləri davam edir. Son məlumata görə, hadisə nəticəsində ikisi uşaq olmaqla, 15 nəfər xəsarət alıb. Altı yaralı xəstəxanaya yerləşdirilib.

***

Saat 17:24

Rusiyanın Moskva vilayətinin Noqinsk şəhərində yaşayış binasında partlayışdan sonra altı nəfər itkin düşmüş sayılır.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, binadan 170 nəfər təxliyə olunub.

Partlayış nəticəsində 3 nəfərin öldüyü, 15 nəfərin xəsarət aldığı bildirilir.

Yaralılardan ikisinin vəziyyəti ağırdır.

Dağıntılar altında qalanların olduğu ehtimal edilir.

***

Saat 10:55

Rusiyanın Moskva vilayətinin Noqinsk şəhərində yaşayış binasında partlayışda ölənlər var.

APA-nın məlumatına görə, Rusiya İstintaq Komitəsinin Moskva vilayəti üzrə Baş İstintaq İdarəsi rəisinin köməkçisi Anna Tertiçnaya TASS-a bildirib ki, partlayışda bir kişi və bir qadın həlak olub, beş nəfər yaralanıb. Ölənlərin şəxsiyyəti dəqiqləşdirilir.

O, yaralılar arasında uşaqların olduğunu da bildirib.

***

Saat 10:36

Bu gün səhər Rusiyanın Moskva vilayətinin Noqinsk şəhərində yaşayış binasında partlayış olub.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, partlayış nəticəsində binada dağıntılar qeydə alınıb.

Partlayışda 9 nəfər xəsarət alıb. Xəsarət alanların hamısı xəstəxanaya yerləşdirilib. Onların arasında 5 və 11 yaşlı iki uşaq da var.

Hadisə yerli vaxtla saat 06:55-də baş verib. Partlayışın təsirindən 8 mənzil dağılıb, 4-cü və 5-ci mərtəbələr arasında arakəsmə zədələnib. Yanğın olmayıb. Xilasetmə xidmətindən bildirilib ki, dağıntılar altında qalanlar ola bilər.

Partlayış dalğasının təsirindən qonşu binalardakı mənzillərin pəncərələri sınıb. Yaxınlıqda dayanmış maşınlara da ziyan dəyib. Binadan 170 nəfər təxliyə edilib. Ehtimallara görə, partlayışa qaz sızması səbəb olub.

Hadisə yerinə xilasedicilər və aidiyyəti qurtumların əməkdaşları gəlib. Əraziyə ümumilikdə 60 xilasedici, 24 texnika cəlb olunub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR