Azərbaycan animasiyasının 75 illiyi münasibəti ilə hazırlanan cizgi filmləri toplusunun təqdimatı keçirilib

Azərbaycan animasiyasının 75 illiyi münasibəti ilə hazırlanan cizgi filmləri toplusunun təqdimatı keçirilib
# 17 sentyabr 2008 10:36 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün Muzey Mərkəzində Heydər Əliyev Fondunun Mədəniyyət və Turizm Nazirliyi ilə birgə Azərbaycan animasiyasının 75 illiyi münasibəti ilə hazırladığı “Bir nağıl söylə mənə” cizgi filmləri toplusunun təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tədbirin yeni dərs ilinə həsr olunduğunu vurğulayıb. Azərbaycan animasiyası üçün bu toplunun hazırlanmasını önəmli hadisə kimi qiymətləndirən nazir, bundan sonra da bu cür tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayıb. “Azanfilm” kinostudiyasının direktoru Elçin Hami Axundov isə DVD şəklində hazırlanmış animasiya toplusunda 80-cı illərin cizgi filmlərinin yer aldığını deyib. O, DVD-də 9 animasiya filminin toplandığı bildirib: “Bu gün 100-dən artıq cizgi filmimiz var ki, onların bərpa olunması lazımdır. O filmlər hələ Sovet dövründə istehsal olunub və köhnə plyonkaya çəkilib. Onların səs effektləri korlanıb. Bu topluda yer alan filmlərin hamısı isə bərpa olunub. Bu, ilk belə topludur, ancaq güman edirəm ki, gələcəkdə belə topluların sayı çoxalacaq”. Azərbaycan animasiyasının 75 illiyinə həsr olunmuş tədbirdə “Mərhəmətin dadı” yeni cizgi filminin təqdimatı, uşaq rəsmləri sərgisinin nümayişi də təşkil olunub. Tədbirdə uşaq evlərinin sakinləri, uşaq problemləri ilə məşğul olan dövlət və ictimai təşkilatların nümayəndələri də iştirak ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR