Anar Kərimov Rusiya və Kolumbiya səfirləri ilə görüşüb

Anar Kərimov Rusiya və Kolumbiya səfirləri ilə görüşüb
# 30 sentyabr 2020 18:01 (UTC +04:00)

Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov Rusiya Federasiyasının ölkəmizdəki səfiri Mixail Boçarnikov ilə görüşüb.

Nazirlikdən APA-ya verilən məlumata görə, görüş zamanı bu ilin noyabr ayında keçiriləcək XIX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda Azərbaycanın “fəxri qonaq ölkə” qismində iştirakı, tədbir çərçivəsində Azərbaycan xalçalarının nümayişi, rəqs ansamblının çıxışı ilə bağlı müzakirə aparılıb.

Görüşdə həmçinin Nizami Gəncəvinin Moskvadakı heykəlinin bərpası, dekabr ayında Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının 100 illik yubileyinin keçirilməsi, gənclər sahəsində əməkdaşlıq məsələlərinə toxunulub.

Görüşdə Azərbaycan və Rusiya arasında ikiillik mədəni əməkdaşlıq proqramı, habelə Ermitajda Azərbaycan zalının açılması, regionlararası əməkdaşlıq forumunun keçirilməsi, Bakı Beynəlxalq Humanitar Forumu və Mədəniyyətlərarası Dialoq Forumunda Rusiyanın iştirakı, Rusiyada Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Azərbaycanla Rusiya Federasiyası arasında mədəni əlaqələrin inkişafından məmnunluğunu ifadə edən A.Kərimov anti-Azərbaycan mövqeli erməni filminin Moskva Beynəlxalq Kinofestivalının proqramından çıxarılmasının bunun təzahürü olduğunu bildirib.

Sonda A.Kərimov Ermənistan işğalçı hərbi birləşmələrinin cəbhə xətti boyunca Azərbaycanın hərbi mövqelərini və yaşayış məntəqələrini ağır artilleriya atəşinə tutaraq təcavüzkar siyasətini davam etdirdiyini, Azərbaycanın mədəni irsinə, tarix-mədəniyyət abidələrinə və infrastruktura ciddi zərbə vurduğunu diqqətə çatdırdı. Bu faktları nəzərə alaraq Azərbaycanın haqq işi barədə məlumatların dünya ictimaiyyətinə çatdırılması və beynəlxalq ictimaiyyətin ədalətli mövqe nümayiş etdirməsi ilə bağlı inamını ifadə edib.

A.Kərimov daha sonra Kolumbiya Respublikasının ölkəmizdəki səfiri Luis Antonio Dimate Kardenas ilə görüşüb. Mədəniyyət sahəsində nəzərdə tutulan layihələr barədə məlumat verən nazir müavini Kolumbiya tərəfini ölkəmizdə keçiriləcək beynəlxalq mədəniyyət tədbirlərində fəal iştiraka dəvət edib.

Görüşdə həmçinin gələcək əməkdaşlıq istiqamətləri, o cümlədən qarşılıqlı mədəniyyət günlərinin təşkili, iki ölkənin mədəniyyət müəssisələri arasında birbaşa əlaqələrin təşviqi və perspektivləri barədə müzakirə aparılıb.

Səmimi qəbula görə təşəkkürünü bildirən diplomat Azərbaycanla Kolumbiya arasında mövcud əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini ifadə edib. Söhbət zamanı mədəniyyət sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğu qeyd edildi. Bildirilib ki, gələcəkdə də birgə musiqi festivallarının, qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi mühüm əhəmiyyət kəsb edir.

Görüşdə sentyabrın 27-də Ermənistanın hərbi təxribatı nəticəsində Azərbaycan mülki şəxslərinin və hərbi qulluqçularının həlak olması ilə əlaqədar xalqımıza başsağlığı verilib.

Sonda A.Kərimov Ermənistan işğalçı hərbi birləşmələrinin cəbhə xətti boyunca Azərbaycanın hərbi mövqelərini və yaşayış məntəqələrini ağır artilleriya atəşinə tutaraq təcavüzkar siyasətini davam etdirdiyini, Azərbaycanın mədəni irsinə, tarix-mədəniyyət abidələrinə və infrastruktura ciddi zərbə vurduğunu diqqətə çatdırıb. Bu faktları nəzərə alaraq Azərbaycanın haqq işi barədə məlumatların dünya ictimaiyyətinə çatdırılması və beynəlxalq ictimaiyyətin ədalətli mövqe nümayiş etdirməsi ilə bağlı inamını ifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR