“Azərbaycan xalçaçılığı sənəti”nin UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 10 illik yubileyi münasibətilə tədbir keçirilib

“Azərbaycan xalçaçılığı sənəti”nin UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 10 illik yubileyi münasibətilə tədbir keçirilib
# 16 noyabr 2020 12:03 (UTC +04:00)

Noyabrın 16-da Milli Xalça Muzeyində “Azərbaycan xalçaçılığı sənəti”nin UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 10 illik yubileyi münasibətilə tədbir keçirilib.

APA-nın məlumatına görə, Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova çıxış edərək torpaqlarımızın işğaldan azad edilməsi münasibəti hər kəsi təbrik edib.

O, tezlikdə Şuşada Milli Xalça Muzeyinin filialının bərpa ediləcəyinə ümidvar olduğunu bildirib: "Bu gün “Azərbaycan Milli Xalça Muzeyi təcrübəsində boyanmamış yundan toxunan xalçalar" layihəsinin də təqdimatı keçiriləcək. Təqdimatda layihə çərçivəsində bu il Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasında qorunan beş klassik xalçanın təbii yunun öz rəngindən istifadə edərək toxunan replikaları sərgilənəcək. Xalçaların toxunmasında Mazex, Şirvan, Qaradolaü, Bozax qoyun cinlərinin yunundan istifadə edilib. Sərgidə xalçaların toxunuşu da istifadə edilən yun nümunələri, onlardan əyrilən iplərlə də tanış ola bilərsiz".

Sonra Azərbaycanın ənənəvi xalçaçılıq sənətinin UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilməsinin 10 illiyinə həsr olunmuş videonun təqdimatı olub.

Videonun təqdimatından sonra Mədəniyyət Nazirliyinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov çıxış edərək vurğulayıb ki, uzun illər düşmən tapdağında olan, Azərbaycanın qədim torpağı Qarabağ Ali Baş Komandanın rəhbərliyi və ordumuzun rəşadəti nəticəsində nəhayət azad edilib: "Bu günlər Azərbaycan xalqı üçün əlamətdar günlərdir. Çünki Azərbaycan xalçası artıq on ildir ki, UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib. Bundan başqa sabah eyni zamanda Azərbaycanın görkəmli xalçaçısı Lətif Kərimovun da ad günü və Dirçəliş Günüdür".

Anar Kərimov qeyd edib ki, hər bir xalqın qədimliyi onun adət-ənənələrindən görünür: "Bizim xalçaçılıq sənəti bu meyarlara tam cavab verir. Azərbaycanın hər bir guşəsində özünəməxsus xalçaçılıq sənəti mövcuddur. Bu ənənənin ən görkəmli nümunələrindən biri kimi də Qarabağ xalçaçılıq sənətini göstərmək olar. 30 ilə yaxın sanki bu sənət girov götürülmüşdü. Torpaqlarımızın işğaldan azad edilməsi ilə biz xalçaçılıq sənətini yenidən dirçəltmiş olacağıq, ordumuz irəlilədikcə Qarabağ xalçalarının solmuş rəngləri yenidən canlandı".

O vurğulayıb ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qayğısı nəticəsində əsrlərdən bizə miras qalmış xalçaçılıq sənəti yenidən inkişaf edib: "Onun təşəbbüsü ilə 2010-cu ildə xalçaçılıq sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib. Bu hadisə mənim üçün də əlamətdardır. Çünki o vaxt mən UNESCO-da çalışırdım və bunun necə çətin əldə edildiyinin şahidi oldum. Qonşularımız tərəfindən bizə qarşı müəyyən addımlar atılırdı. Buna baxmayaraq biz dünyaya sübut edə bildik ki, Azərbaycan xalçaçılığı ümumbəşəri dəyərə malikdir. O cümlədən Qarabağ xalçaçılıq sənəti də bunun tərkib hissəsi kimi qəbul edildi. Təbii ki, bu illər ərzində UNESCO-da iki dəfə Azərbaycan xalçaçılığı ilə bağlı tədbir keçirilib, o cümlədən müasir Azərbaycan Milli Xalça Muzeyi tikilib. Bu tədbirlərlə biz bir daha sübut etdik ki, Azərbaycan qədim qeyri-maddi mədəni irs abidələri ilə məşhurdur. Biz artıq uzun müddətdir ki, xarici hərraclarda yer alan Azərbaycan xalçalarının vətənə qaytarılması ilə məşğuluq. Bu yaxında artıq yeni xalçanın da Azərbaycana gətirilməsinə nail olacağıq. İnanıram ki, tezliklə bu cür tədbirləri Şuşada Xalça Muzeyinin Şuşa filialında keçirəcəyik".

Sonra Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri, UNESCO üzrə Milli Komissiyasının baş katibi Elnur Sultanov çıxış edərək Azərbaycanın uzun illərdir ki, UNESCO ailəsinin bir üzvünə çevrildiyini diqqətə çatdırıb: "Azərbaycan artıq donor ölkə kimi çıxış edir. Əminəm ki, bu münasibətlər gələcəkdə daha da möhkəmlənəcək".

Tədbir "Azərxalça" Açıq Səhmdar Cəmiyyəti İdarə heyətinin sədri Vidadi Muradovun çıxışı ilə yekunlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR