Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin nümayəndə heyəti Moskvada olub

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin nümayəndə heyəti Moskvada olub
# 26 dekabr 2019 13:42 (UTC +04:00)

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin nümayəndə heyətinin Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə rəsmi səfəri başa çatıb.

Bu barədə APA-ya Bakı Şəhər Mədəniyyət Baş İdarəsindən bildirilib. Məlumata görə, Baş İdarənin rəisi Cəlil Məlikovun rəhbərlik etdiyi nümayəndə heyəti 18-23 dekabr tarixlərində baş tutan səfər çərçivəsində Moskva şəhərinin və Moskva vilayətinin bir sıra mədəniyyət müəssisələrində olub, onların rəhbərləri ilə işgüzar görüşlər keçirib, mədəniyyət mərkəzlərinin və musiqi məktəblərinin, həmçinin uşaq incəsənət məktəblərinin fəaliyyəti ilə dərindən tanış olmaq məqsədilə “Vdoxnoveniye” Mədəniyyət Mərkəzində, A.K.Lyadov adına uşaq musiqi məktəbində, həmçinin Krasnopresneno İncəsənət məktəbində və digər mədəni-maarif müəssisələrində olublar.

Dekabrın 20-də nümayəndə heyətinin Moskva Hökumətinin naziri, Moskva Şəhər Mədəniyyət Departamentinin rəhbəri Aleksandr Vladimiroviç Kibovski və Xarici iqtisadi və beynəlxalq əlaqələr üzrə nazir müavini Oleq Vladimiroviç Şutenko ilə görüşü baş tutub.

Görüş zamanı ölkə başçılarımız arasında mövcud münasibətlərin yüksək səviyyədə olması, onların bu il keçirdikləri görüşlərin intensivliyi, həmçinin Birinci vitse-prezident Mehriban Əliyevanın bu yaxınlarda Moskva şəhərinə səfəri, səfər çərçivəsində ÜRXTN-də Azərbaycan pavilyonunun yenidənqurma işlərindən sonra açılması qeyd edilib. Strateji tərəfdaşlıq kimi xarakterizə olunan bu münasibətlər mədəni əlaqələrin inkişafına böyük təkan verir.

Paytaxt şəhərlərin ərazilərində yerləşn mədəniyyət müəssisələrinin inkişafı sahəsində məsələlər müzakirə edilib. Çoxsaylı təmas nöqtələri və cari problemlərin həlli yolları müəyyən edilib, bu müəssisələrin həyat fəaliyyətinin inkişafında yeni tətbiqlərdən istifadə imkanları müzakirə olunub.

Səfər həmçinin yeni sənəd layihəsinin işlənməsi ilə yadda qalıb, qarşılıqlı razılaşmaya əsasən bu sənədin gələn ilin yanvar ayında, “Bakı-Moskva: Mədəniyyətlərin dialoqu” konfransı çərçivəsində imzalanması gözlənilir. Sənəddə hər iki şəhərin mütəxəssisləri tərəfindən mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanışlıq, müəssisələrdə işin təşkili sahəsində təcrübə mübadiləsi öz əksini tapacaq, nəticələr əsasında inkişaf strategiyası işlənib hazırlanacaq. 2020-ci il ərzində konsertlərin, mədəniyyət günlərinin təşkili, həmçinin musiqi məktəblərində müəllimlərin ixtisaslarının artırılması məqsədilə bir sıra ustad dərslərinin keçirilməsi, milli musiqi və milli musiqi alətləri ilə tanışlıq sahəsində qarşılıqlı fəaliyyət nəzərdə tutulub. Musiqi alətlərinin sazlanması və bərpası üzrə iş, musiqi təhsili üzrə ədəbiyyatla tanışlıq, həmçinin kitabxana sahəsində yeni məhsullar üzrə təcrübənin öyrənilməsi və uşaq musiqi, incəsənət məktəblərinin fəaliyyətinin yaxşılaşdırılmasına yönəlmiş müştərək layihələr həyata keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR