Mədəniyyət naziri Erkan Özoralla görüşüb

#
# 20:00
13 aprel 2021

Bu gün mədəniyyət naziri Anar Kərimov Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, A. Kərimov, iki qardaş ölkə arasında münasibətlərin bütün sahələrdə uğurlu inkişafından söz açaraq, Erkan Özoralın diplomat kimi bu prosesdə fəaliyyətini xüsusi vurğulayıb.

Tarixi zəfərlə nəticələnən Vətən müharibəsində Türkiyənin ölkəmizlə həmrəyliyini diqqətə çatdıran nazir Azərbaycanın haqq işinə Türkiyə dövlətinin və xalqının hərtərəfli dəstəyinə görə minnətdarlığını ifadə edib. 

Mədəniyyət Nazirliyinin nümayəndə heyətinin bu yaxınlarda qardaş ölkəyə səfərini xatırladan A. Kərimov Türkiyə ilə mədəniyyət sahəsində əməkdaşlığın daha da gücləndirilməsi və müxtəlif sahələr üzrə təcrübə mübadiləsinin aparılmasının önəmini vurğulayıb. Qeyd edib ki, Vətən müharibəsində əldə edilən Qələbənin həm türk dünyasında, həm də beynəlxalq platformada ən yüksək səviyyədə təbliğində Türkiyə ilə işbirliyi böyük əhəmiyyət kəsb edir. 

Səmimi qəbula görə təşəkkürünü bildirən E. Özoral diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasında əlaqələrin bütün istiqamətlər üzrə, o cümlədən mədəniyyət sahəsində uğurlu inkişafından məmnunluğunu ifadə edərək, Azərbaycan üçün çox önəmli bir dövrdə burada səfir qismində çalışdığını, ölkəmizin tarixi Zəfərinə şahidlik etdiyini deyib.

Azərbaycanın apardığı mübarizəyə Türkiyənin ilk günlərdən bütün qurum və təşkilatları ilə dəstək verdiyini, bütün imkanları ilə azərbaycanlı qardaşlarının yanında olduğunu bildirən diplomat bunu ölkələrimiz arasındakı sarsılmaz münasibətlərin təzahürü kimi qiymətləndirib. 

E. Özoral bundan sonrakı fəaliyyətində də qardaş xalqlarımız arasında əlaqələrin inkişafında fəal iştirak edəcəyini qeyd edib.

Sonda nazir Azərbaycanda səfir kimi səlahiyyət müddəti başa çatan E. Özorala gələcək fəaliyyətində uğurlar arzulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR