“Muzey eksponatının hekayəsini sən danış” müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Muzey eksponatının hekayəsini sən danış” müsabiqəsinin qalibləri mükafatlandırılıb
# 16 sentyabr 2020 17:21 (UTC +04:00)

Sentyabrın 16-da Azərbaycan Milli İncəsənət Muzeyində “Muzey eksponatının hekayəsini sən danış” adlı müsabiqənin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, mərasimdə çıxış edən Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov bildirib ki, bütün bəşəriyyətin koronovirus (COVİD-19) infeksiyası ilə mübarizə apardığı günlərdə, digər ölkələrdə olduğu kimi, Azərbaycanda da tətbiq edilən karantin rejimi ilə əlaqədar insanlar asudə vaxtlarının çox hissəsini onlayn şəkildə keçirirlər. Bununla əlaqədar Mədəniyyət Nazirliyi tərəfindən bir sıra onlayn layihələrə start verilib. Bunlardan biri də “Muzey eksponatının hekayəsini sən danış” adlı müsabiqədir.

A.Kərimov qeyd edib ki, mədəni irsin təbliğində muzeylərin rolu əvəzsizdir və ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı xüsusilə bu sahəyə də yönəlib, muzeylərdə işin müasir tələblər səviyyəsində qurulması üçün hər cür şərait yaradılıb.

Həmçinin qeyd edib ki, hazırda muzeylər toplamaq, mühafizə etmək, öyrənmək və nümayiş etdirmək kimi öz əsas vəzifələri ilə yanaşı, eyni zamanda mədəni-tərbiyəvi, maarifləndirici mərkəzlərə çevrilirlər. Muzeylərdə elmi-tədqiqat və bərpa işləri, müxtəlif mövzulu səyyar sərgilər, lektoriyalar, konsertlər, müxtəlif yaş dövrləri üçün interaktiv proqramlar, fiziki məhdudiyyətli insanlar üçün xüsusi inklüziv layihələr təşkil edilir. “Muzey eksponatının hekayəsini sən danış” adlı müsabiqə də bu qəbildən təşəbbüslərdən biridir: “Müsabiqə şərtlərinə görə təqdim olunan muzey eksponatlarının arasında qədim dövrlərə aid hərb geyim, miniatürlər, xalça və zərgərlik nümunələri, Səttar Bəhlulzadə, Tahir Salahov, Toğrul Nərimanbəyov kimi görkəmli rəssamlarımızın əsərləri yer alıb. Sizlər isə bu dəyərli eksponatların oyatdığı təəssüratlara əsasən öz yaradıcı təxəyyüllünüzün məhsulu olan hekayəni bizə göndərdiniz. Qeyd edim ki, hekayələr ilə şəxsən tanış olmuşam. Onlar həqiqətən çox maraqlı, professional və dolğun məzmunda yazılıb. Sevindirici haldır ki, müsabiqədə bütün yaş təbəqələrindən olan insanlar iştirak ediblər. Təəssüflər olsun ki, pandemiya ilə əlaqədar tələb olunan sanitar-epidemioloji və karantin qaydalarına ciddi riayət olunduğu üçün biz bütün müsabiqə iştirakçılarını tədbirə dəvət edə bilmədik. Amma onlara da diplomlar və hədiyyələr təqdim olunacaq”.

Mükafatları sahiblərinə təqdim edən A.Kərimov onu da diqqətə çatdırıb ki, müsabiqənin bütün qaliblərinin hekayələrinin toplanaraq kitab şəklində nəşr edilməsi və ictimaiyyətə təqdim edilməsi nəzərdə tutulub. Bildirib ki, bu kimi layihələr nazirlik tərəfindən gələcəkdə də davam etdiriləcək.

Mərasimdən sonra Anar Kərimov Azərbaycan Milli İncəsənət Muzeyinin ekspozisiya zalları ilə tanış olub. Muzeyin direktoru, professor Çingiz Fərzəliyev ekspozisiyalar barədə məlumat verib.

Xatırladaq ki, Mədəniyyət Nazirliyi tərəfindən cari ilin 14 aprel tarixində elan edilən müsabiqənin əsas məqsədi cəmiyyətdə muzey işi sahəsinə yaradıcı münasibətin inkişaf etdirilməsi, istedadlı müəlliflərin aşkara çıxarılması, həmçinin mədəniyyətimizə marağın artırılmasıdır.

Müsabiqə çərçivəsində Museum.az “Facebook” səhifəsinin izləyicilərinə Bakı şəhərinin aparıcı muzeyləri – Azərbaycan Milli İncəsənət Muzeyinin və Azərbaycan Milli Xalça Muzeyinin fondunda qorunub saxlanılan, zəngin tarixə malik olan Azərbaycan incəsənəti, xalça, təsviri və dekorativ-tətbiqi sənət nümunələrindən seçilmiş tarixi, bədii, elmi əhəmiyyət kəsb edən 14 unikal eksponat təqdim edilib. Müsabiqə iştirakçıları eksponatlardan birini seçərək ona həsr olunmuş yeni hekayə yazmalı idi.

Müsabiqənin dörd kateqoriya – "Qran Pri" kateqoriyası üzrə 3, "Ən yaxşı xarici dildə yazılan hekayə" kateqoriyası üzrə 4, "Ən yaxşı məktəbli hekayəsi" kateqoriyası üzrə 3 və "Ən yaxşı hekayə" kateqoriyası üzrə 9 olmaqla ümumilikdə 19 qalibi münsiflər heyəti tərəfindən seçilib.

Qeyd edək ki, ölkədə tətbiq olunan xüsusi karantin rejiminin tələbləri nəzərə alınaraq, mükafatlandırma mərasiminə iki əsas kateqoriya (Qran Pri və “Ən yaxşı məktəbli hekayəsi) üzrə 5 qalib dəvət olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR