Bakıda "Kekalove Adaptive" əlilliyi olan modellərin moda nümayişini keçirəcək - FOTO

Bakıda "Kekalove Adaptive" əlilliyi olan modellərin moda nümayişini keçirəcək - FOTO
# 02 dekabr 2021 13:13 (UTC +04:00)

Beynəlxalq Əlillər Günü çərçivəsində "Kekalove Adaptive" startapı Almaniya və Fransa səfirliklərinin dəstəyi ilə əlil modelləri ilə moda nümayişi keçirəcək.

APA-nın xəbərinə görə, moda nümayişi ilə bağlı keçirilən mətbuat konfransında bu tədbirin məqsədi barədə məlumat verilib.

"Kekalove Adaptive"nin yaradıcısı Məhəmməd Kekalov çıxış edərək bildirib ki, "Kekalove Adaptive" brendinin məqsədi əlilliyi olan şəxslər üçün münasib geyimlərin hazırlanmasıdır. "Bu geyimlərin konstruksiyasında dəyişikliklər olur ki, bu fiziki məhdudiyyətli şəxslər üçün daha rahat olur".

Daha sonra tədbirdə Fransanın Azərbaycandakı səfiri Zakari Qross çıxış edib.

O, səfirliyin bu tədbirdə sponsor olmaqdan məmnun olduğunu deyib.

"Fransa əlilliyi olan şəxslərin həyata uyğunlaşması üçün layihələr reallaşdırır. Bu bütün cəmiyyətlərin məsuliyyəti və borcudur. İnanıram ki, bu cür layihələr vasitəsilə əlilliyi olan insanların həyatının daha rahat və asan olması üçün əlimizdən gələni edəcəyik", - deyə Fransa səfiri bildirib.

Daha sonra Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq çıxış edib. Diplomat bildirib ki, əlliyi olan şəxslər gündəlik həyatda müxtəlif problemlərlə üzləşirlər.

"Əlil arabasında olan şəxslər üçün problemlər çox olur. Məsələn, Bakıda işıqforların səsgücləndirici sistemi yoxdur ki, görmə məhdudiyyətli insanlar problem yaşamasın.

Mağazalardakı geyimlər fiziki məhdudiyyətli şəxslər üçün rahat deyil. İstəyirik ki bu cür geyimlər yalnız təqdimat üçün olmasın hər yerdə əlçatan olsun."

Almaniya səfiri deyib ki, inkluziv cəmiyyət üçün cəmiyyətin azyaşlılarının olduğu təbəqədə, məktəblərdə, bağçalarda bu istiqamətdə işlər aparılmalıdır.

Daha sonra medianın sualını cavablandıran Fransa səfiri Qross əlilliyi olan şəxslərin müxtəlif sahələrdə - idmanda, işdə, mediada, hökumət işlərində və təmsil olunmasının vacibliyindən danışıb.

“İşəgötürənlərə təsir etməliyik ki, əlilliyi olan insanlar işə götürülsün, işin komandasında təmsil olunsun, onlar üçün uyğunlaşdırılmış iş yeri, mühit yaradılsın. Şəhər layihələrində, nəqliyyatda, binaların tikintisində uyğun mühit yaradılmalıdır. Əlillikdə utanılacaq heç bir şey yoxdur, üzə çıxmaq lazımdır. Sabahkı tədbirin də mesajı odur ki, əlliyi olan insanlar üzə çıxmalı özlərini göstərməkdən qorxmamlıdır", - deyə Zakari Qross vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR