Bu il Üzeyir Hacibəyli Beynəlxalq Musiqi Festivalı Bakı, Şuşa, Ağdam və Gəncədə keçiriləcək

Anar Kərimov

© APA | Anar Kərimov

# 18 sentyabr 2021 12:27 (UTC +04:00)

Bu il Üzeyir Hacibəyli Beynəlxalq Musiqi Festivalı Bakı, Şuşa, Ağdam və Gəncədə keçiriləcək.

APA-nın xəbərinə görə, bunu Mədəniyyət naziri Anar Kərimov deyib.

"Ənənəyə sadiq qalaraq biz Üzeyir Hacıbəyli Gününü - Musiqi Günümüzü onun adını daşıyan Bakı Musiqi Akademiyasının önündə qeyd edirik. Bu il bu əlamətdar bir gündür. Biz bu il həm də Bakı Musiqi Akademiyasının 100 illiyini qeyd edirik. Fürsətdən istifadə edərək Bakı Musiqi Akademiyasının kollektivini yubiley münasibətilə də təbrik etmək istərdim. Üzeyir Hacıbəylinin başlatdığı ənənə bu binada dava etdirilib. Üzeyir Hacıbəylinin qoyduğu irs bu Akademiya tərəfindən qorunub yeni nəslə ötürülüb. Bakı Musiqi Akademiyası bu illər ərzində nəinki Azərbaycanda, mən deyərdim ki, dünyanın aparıcı musiqi təsisatlarından birinə çevrilib. Biz fəxr edirik ki, Azərbaycan məhz belə zəngin musiqi ənənələrinə malikdir", - nazir bildirib.

Anar Kərimov vurğulayıb ki, Üzeyir Hacıbəyli Azərbaycan milli musiqi ənənələrini dünyaya tanıtmaqla yanaşı, eyni zamanda Avropa və Azərbaycan musiqi ənənələrini uzlaşdırıb. Bununla da Azərbaycan musiqisi yeni bir mərhələyə qədəm qoyub.

Nazir deyib ki, bu Milli Musiqi Günü xüsusidir, çünki bu gün artıq Şuşada Üzeyir Hacıbəylinin doğma torpağında da qeyd olunur: "Bu il biz artıq fəxrlə, qürurla deyə bilərik ki, Şuşa, doğma torpağımız azaddır və Musiqi Günü bu gün Şuşada da qeyd olunur. Mən sizi bu münasibətlə ürəkdən təbrik etmək istərdim. 30 illik intizardan sonra Şuşa Azərbaycana qovuşdu. Mədəniyyətimiz, ruhumuz Şuşaya qayıtdı. Var olsun Ali Baş Komandan və Azərbaycanın Müzəffər Ordusu ki, bu xoşbəxtliyi bizə yaşatdı".

Nazir əlavə edib ki, bu il Musiqi Festivalı Bakı və Şuşa ilə yanaşı Gəncə və Ağdamda da keçiriləcək: "Builki festivalın başqa bir xüsusiyyəti ondan ibarətdir ki, bildiyiniz kimi, bu il Nizami Gəncəvi ili elan edilib və biz çox istərdik ki, bu il beynəlxalq festivalı Nizami Gəncəviyə də həsr edək. Bizim dahi bəstəkarlarımız, Üzeyir Hacıbəyli başda olmaqla Nizaminin əsərlərindən, fəlsəfəsindən ilhamlanaraq öz əsərlərini yaradıblar. Buna görə də biz bu il Nizaminin əsərlərinə daha çox diqqət verəcəyik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR