Deputat Qarabağ Mədəniyyət Mərkəzinin yaradılmasını təklif edir

Milli Məclis

© APA | Milli Məclis

# 11 oktyabr 2021 11:26 (UTC +04:00)

“Prezident İlham Əliyev Şuşanı Azərbaycanın mədəniyyət mərkəzi adlandırmaqla bağlı sərəncam verib”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas deyib.

Deputatın sözlərinə görə, çox qəribədir ki, Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşanın Mədəniyyət Mərkəzi yoxdur: “Həmin mədəniyyət mərkəzini Sumqayıtın nəzdinə veriblər. Necə olur ki, Şuşa Sumqayıtın tabeliyinə verilir? Şuşa regional şöbəsi Sumqayıtdan ayrılmalıdır, bu, şuşalıların dediyi sözdür. Şuşa yenidən tikilir. Camaat da il yarıma Şuşaya qayıdacaq. Belə olanda onlar Şuşadan Sumqayıta gələcək?! Mədəniyyət Nazirliyindən bu məsələni nəzərə alınmasını təklif edirəm. Eyni zamanda Şuşa musiqi məktəbinin, kollecinin də ayrılması məsələsi öz həllini tapmalıdır”.

Sədr Sahibə Qafarova bildirib ki, artıq Şuşa azad olunub: “Niyə düşünürsünüz ki, bu sadaladıqlarınız ayrılmayacaq?! Düşünürəm ki, bu məsələ həllini tapacaq”.

Deputat Elman Məmmədov isə qeyd edib ki, vaxtında bu barədə Əbülfəs Qarayevin qarşısında məsələ qaldırıb: “Təklif etdim ki, mərkəzi Şuşa olmaqla, Qarabağ mədəniyyət mərkəzi yaradılsın”.

Qeyd edək ki, Şuşa rayon Mədəniyyət Mərkəzi Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin tabeçiliyindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR