Fikrət Əmirovun məzarı ziyarət edilib - FOTO

Fikrət Əmirovun məzarı ziyarət edilib

© APA | Fikrət Əmirovun məzarı ziyarət edilib

# 22 noyabr 2021 13:50 (UTC +04:00)

Bu gün görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti Fikrət Əmirovun anadan olmasının 99 illiyi ilə əlaqədar Fəxri xiyabanda məzarı ziyarət olunub.

APA-nın məlumatına görə, mərasimdə mədəniyyət nazirinin müavini Elnur Əliyev, nazirliyin nümayəndələri, musiqi xadimləri, ailə üzvləri iştirak ediblər.

Bəstəkarın abidəsi önünə gül dəstələri qoyulub, xatirəsi yad edilib.

Anım mərasimində çıxış edən nazir müavini Elnur Əliyev deyib ki, Fikrət Əmirovun yaradıcılığı bütün dünya musiqisi üçün yeni mərhələ olub: "Fikrət Əmirovun yaratdığı klassik simfoniya və muğam sintezi dünya musiqisində müstəsna yer tutur. Bəstəkarın əsərlərində azərbaycançılıq hiss olunur. Nazirlik olaraq istəyirik ki, azərbaycançılıq dəyərlərinə sahib çıxaq və bu dəyərləri yaşatdıraq. Bu halda belə bəstəkarlarımıza da sahib çıxmalıyıq. Elə etməliyik ki, F.Əmirov məktəbi davamlı olunsun. Bu gün F.Əmirovun 99 yaşı olur. Allah rəhmət eləsin".

Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə qeyd edib ki, F Əmirov möhtəşəm üçlüyün nümayəndəsidir: "Üzeyir Hacıbəyli, Qara Qarayev və Fikrət Əmirov Azərbaycan musiqisini dünyada yüksəklərə qaldırıb. Onun simfonik muğamları dahi dirijorların repertuarında daim səslənir. Bu əsərlər bir tapıntı, kəşfdir. F. Əmirov bundan sonra yeni janra müraciət edib, musiqili dram yaradıb. Onun şedevr əsərləri Azərbaycan musiqinin inciləridir".

Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli qeyd edib ki, gələn il Fikrəm Əmirovun 100 illiyidir və artıq yubileyə hazırlıq başlayıb: “İstərdim ki, gələn il dünya ölkələrində Fikrət Əmirov günləri qeyd olunsun. İndidən100 illiklə bağlı plan üzrə hərəkət etməliyik. Həmişə gecikirik. Buna görə il ərzində tədbirləri düşünməli, planlamalıyıq".

Fikrət Əmirovun qızı Sevil Əmirova yaradıcılığa göstərilən diqqətə görə təşəkkür edib.

Qeyd edək ki, Fikrət Əmirov 1922-ci il noyabrın 22-də Gəncədə anadan olub. O SSRİ və Azərbaycanın dövlət mükafatlarına, SSRİ Xalq artisti və Sosialist Əməyi Qəhrəmanı fəxri adlarına layiq görülüb.

Bəstəkar 1984-cü ildə vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR