Mədəniyyət işçilərinin güzəştli ipotekadan faydalanan kateqoriyalara daxil edilməsi təklif olunub

Qənirə Paşayeva, Milli Məclisin Mədəniyyət komitəsinin sədri

© APA | Qənirə Paşayeva, Milli Məclisin Mədəniyyət komitəsinin sədri

# 30 sentyabr 2021 12:55 (UTC +04:00)

""Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna yenidən baxılmalıdır. Bu qanun qəbul ediləndə biz Zəfər qazanmamışdıq”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin 2021-ci il payız sessiyasının qanunvericilik işləri planının müzakirəsi zamanı Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.

Deputat bildirib ki, Zəfərdən sonra bu qanuna yenidən baxılması zərurəti ortaya çıxıb: “Şəhid ailələrinin əsas istəyi övladının adının əbədiləşdirilməsidir. Tovuzda bizim 70-dən çox şəhidlərimiz var. Tovuzda olan bir çox küçələrin adı yoxdur. Bu qanunlarda ediləcək dəyişikliklər şəhid adlarının əbədiləşdirilməsinə şərait yarada bilər. Anım günündə Tovuz İcra Hakimiyyətində keçirdiyimiz tədbirlərdə bununla bağlı təkliflərin Nazirlər Kabinetinə göndərildiyi deyildi. Şəhid ailələrimizin səsləndirdiyi təklifləri də yazıb, müvafiq komitəyə və hökumətə təqdim edəcəyik”.

Deputat ipoteka ilə bağlı qanunda da problemlər olduğunu vurğulayıb: “Mədəniyyət sahəsində çalışan və yüksək səviyyədə ölkəmizi, dövlətimizi təmsil edən gənc insanlar var. Bu insanlar mənzil-məişət problemiylə qarşılaşırlar. Mədəniyyət sahəsində çalışan şəxslərin də güzəştli ipotekadan faydalanan kateqoriyalara daxil edilməsini xahiş edirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR