Moskvada Azərbaycan Mədəniyyət Mərkəzinin yaradılmasının 10 illiyi qeyd olunub - FOTO

Tamilla Əhmədova

© APA | Tamilla Əhmədova

# 03 dekabr 2021 13:03 (UTC +04:00)

Moskvada Azərbaycan Mədəniyyət Mərkəzinin yaradılmasının 10 illiyi qeyd olunub.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, M. İ Rudomino adına Xarici Ədəbiyyat Kitabxanasında keçirilən tədbirin təşkilatçısı Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi olub.

Tədbiri açan Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin humanitar proqramlar şöbəsinin rəhbəri Tamilla Əhmədova qeyd edib ki, 10 il bundan öncə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada Azərbaycanın mədəniyyət ocağı yaradılıb:

“Bizim doğma evimizə çevrilən bu binada azərbaycanlı rəssamlarının sərgiləri, ədəbiyyat gecələri, kino təqdimatları keçirilib. Biz hər zaman məmnuniyyətlə bu evə gəlirik və qonaqpərvərliyə görə minnətdarıq”.

T. Əhmədova Azərbaycan Mədəniyyət Mərkəzinin yaradıldığı ilk gündən öz müəyyən missiyasını həyata keçirdiyini söyləyib: “Mədəniyyət bizim ürəyimizi bir-birimizə açmağa, bir-birimizi daha yaxşı başa düşməyə, daha yaxın olmağa kömək edən universal açardır. Rusiya-Azərbaycan münasibətləri hər kəsə çoxdan məlumdur ki, stratejidir. Bu münasibətlərdə humanitar əlaqələr heç də axırıncı deyil. Ona görə də, bizim Mədəniyyət mərkəzi xalqlarımızı birləşdirən humanitar missiyanı yerinə yetirir”.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Nisə Mustafayeva bildirib ki, 2011-ci ildə yaradılan mərkəz bu il yubileyini qeyd edir:

“Bu əlamətdar tarix bizi dostlarımızı ədəbi-musiqili gecəyə toplamağa, uğurlarımızı, nailiyyətlərimizi və gələcək planlarımızı bölüşməyə sövq etdi. Lakin Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin və şəxsən Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın daimi dəstəyi olmasaydı, bütün bunlar baş verməzdi. Leyla Xanım bizim bütün təklif və istəklərimizi böyük maraqla qəbul edir, fəal şəkildə bizə yardım edir və köməklik göstərir. Təbii ki, M. İ Rudomino adına Xarici Ədəbiyyat Kitabxanasının rəhbərliyinə Azərbaycan mədəniyyətinə olan səmimi münasibətinə görə böyük təşəkkürlər düşür. Axı mədəniyyət bir növ diplomatiyadır, bizim mədəniyyət mərkəzimiz isə Rusiya ilə Azərbaycan arasında bir növ körpüdür”.

Azərbaycan Mədəniyyət Mərkəzinin yerləşdiyi M. İ Rudomino adına Xarici Ədəbiyyat Kitabxanasının baş direktoru Pavel Kuzmin kitabxananın da bu il yubileyini qeyd etdiyini söyləyib:

“On il ciddi bir tarixdir, xüsusən də yüz yaşı tamam olan Xarici Ədəbiyyat Kitabxanasının tarixi ilə müəyyən mənada üst-üstə düşdüyünə görə... Məqsədimiz mədəniyyətlərarası, millətlərarası dialoqu təşviq etmək və xalqlarımıza gözəl yaddaşı qoruyub saxlamağa, bu yaddaşı, bu ənənələri gənc nəslə ötürməyə kömək etməkdir. Müdrik əcdadlarımız əbəs yerə deməyiblər ki, adət-ənənə külə sitayiş deyil, od ötürməkdir. Azərbaycan Mədəniyyət Mərkəzi artıq 10 ildir ki, gözəl ölkənizin böyük və çoxşaxəli mədəniyyətini təbliğ edir”.

P.Kuzmin Bakıya son səfərindən də danışıb: “Möhtəşəm Heydər Əliyev Fondunda gözəl görüşümüz oldu. Kitabxanamızı ziyarət edən Leyla xanımla çox yaxşı qarşılıqlı münasibətimiz var. Bizim həm Heydər Əliyev Fondu, həm də Azərbaycan Mədəniyyət Mərkəzi ilə böyük əməkdaşlıq proqramımız var”.

İkitərəfli humanitar dialoqun inkişafı naminə uzunmüddətli əməkdaşlığa görə kitabxananın baş direktoru Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyini və Azərbaycan Mədəniyyət Mərkəzini təşəkkür məktubu və kitabxananın 100 illiyi medalı ilə təltif edib.

Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyinin mədəniyyət attaşesi Nigar Axundova mədəniyyət ocağının 10 illik yubileyi münasibətilə təbrik edərək, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Tədbir çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, filologiya elmləri doktoru, professor İsa Həbibbəyli və filologiya elmləri doktoru, professor Abuzər Bağırovun “Azərbaycan – Turanın incisi” kitabının təqdimatı da olub. Kitabda Azərbaycan poetik irsinin ən azı üç min illik tarixinin müxtəlif dövrlərinə həsr olunmuş lakonik monoqrafik tədqiqatlar təqdim olunur. Antologiya monoqrafiyası məşhur “Literaturnaya qazeta”nın səhifələrində beş il ərzində (2015-2019-cu illər) dərc edilmiş xüsusi yeddi nömrənin materialları əsasında tərtib edilib.

Gecə beynəlxalq müsabiqələr laureatı, pianoçu Səidə Tağızadənin ifası ilə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR