Qobustanda "Yurdda bayram" adlı tərəkəmə festivalı keçirilib

"Yurdda bayram"

© APA | "Yurdda bayram"

# 15 noyabr 2021 11:53 (UTC +04:00)

Bu gün Qobustan Milli Tarix Bədii qoruğunda "Yurdda bayram” adlı tərəkəmə festivalı keçirilib.

APA-nın məlumatına görə, çıxış edən mədəniyyət naziri Anar Kərimov bildirib ki, bu festivalın keçirilməsinin əsas məqsədi Azərbaycanın, bütün türk dünyasının yaylaq-qışlaq ənənəsini göstərməkdir.

O bildirib ki, gələcəkdə də belə tədbirlər davamlı olaraq keçiriləcək: "Azərbaycan tarixinin ən vacib mərhələsi olan mən hətta deyərdim ki, sivilizasiyanın başlanğıcı olan Qobustanda keçirməklə biz göstəririk ki, biz ənənələrimizə sahib çıxırıq. Hər bir ölkənin gələcəyi üç amildən asılıdır. Birincisi gücdür. Azərbaycan xalqı 44 günlük müharibədə bu gücü və ədalətsizliklə barışan xalq olmadığını göstərdi. İkinci çox önəmli amil fəlsəfə, elmdir. Bu il Azərbaycanda Nizami Gəncəvinin yubileyi qeyd olunur. Bu il də Cənab Prezident tərəfindən “Nizami Gəncəvi İli” elan olunub. Bu, onun göstəricisidir ki, Azərbaycan öz mütəfəkkirlərinə diqqət göstərir. Üçüncüsü amil mədəniyyətdir. Bugünkü tədbir də məhz o mədəniyyətdən xəbər verir. Bu tədbirlərin mütləq davamı gələcək. Biz belə tədbirləri tək Qobustanda yox, Qarabağda da keçirəcəyik. Belə tədbirlərin təşkili ölkəyə turistlərin cəlbinə də kömək edir. Çox şadam ki, bu tədbirdə bizim qazilərimiz də iştirak edir. Allah şəhidlərimizə rəhmət eləsin."

Festival sənətçilərin ifaları ilə davam edib.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin və Qobustan Milli Tarix- Bədii Qoruğunun təşkilatçılığı ilə keçirilən “Yurdda bayram” festivalının əsas məqsədi zəngin elat mədəni irsini təbliğ etmək, iştirakçıları onların həyat tərzi ilə canlı şəkildə tanış etməkdir. Festivalın proqramına "Yurd" musiqili kompozisiyanın nümayişi, xalçaçılıq və zərgərlik nümunələrindən, o cümlədən, tərəkəmələrin məişətini, yaşayış tərzini, təsərrüfatını əks etdirən nümunələrdən və milli geyimlərdən ibarət sərginin nümayişi və xeyriyyə məqsədi ilə Daun sindromlu uşaqların əl işlərindən ibarət sərgi- satışın həyata keçirilməsi daxildir.

Tədbirin fonunda canlı musiqilər səslənib, “Cəngi” sədaları altında kəndirbazlar və pəhləvanlar çıxış ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR