“Səhnədə” adlı müsabiqə elan olunub

Gənc istedadlar müsabiqəsi

© APA | Gənc istedadlar müsabiqəsi

# 06 may 2021 16:32 (UTC +04:00)

Paytaxt və regionlarda xüsusi istedada malik olan gənc ifaçıları aşkar etmək, onların qabiliyyətlərinin inkişafı və sənətdə öz yerini tapmasına dəstək göstərmək məqsədi ilə “Səhnədə” müsabiqəsi elan olunur.

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, müsabiqə Gənclər Fondunun dəstəyi, Mədəniyyət Nazirliyi və “RÄNG” leyblin tərəfdaşlığı, “GəncSİMA” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir.

Azərbaycan Dövlət Televiziyasında (AzTV) teleşou formatında yayımlanacaq müsabiqə vasitəsilə 16-25 yaş arasındakı gənclər özlərinin ifaçılıq sahəsində olan bacarıqlarını nümayiş etdirəcək.

Müraciət etmək istəyən istedadlı gənclər www.gencistedad.az saytı vasitəsilə qeydiyyatdan keçə bilər. Daxil olan müraciətlərin dəyərləndirilməsindən sonra uğurlu hesab edilən iştirakçılar Bakı, Gəncə, Naxçıvan, Şəki, Quba, Lənkəran və Bərdə şəhərlərində keçiriləcək kastinqlərə dəvət olunacaq.

Kastinqlər nəticəsində müəyyənləşən 10 finalçı Bakı şəhərində keçiriləcək möhtəşəm konsert proqramında iştirak edəcək və münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Qalib olaraq seçilən 3 ifaçı “RÄNG” leybli ilə birillik əməkdaşlıq müqaviləsi imzalamaq şansı əldə edəcək.

Qeyd edək ki, müsabiqənin münsiflər heyəti ölkəmizin musiqi sahəsində tanınan və peşəkar simaları olan Sevda Ələkbərzadə, Pərviz İsaqov və digər ulduzlardan ibarətdir.

Müraciət üçün son tarix 10 iyun 2021-ci ildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR