VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının vaxtı dəyişib

VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının vaxtı dəyişib
# 25 avqust 2021 17:57 (UTC +04:00)

VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının (“Baku International Book Fair 2021”) keçiriləcəyi tarix dəyişdirilib.

Mədəniyyət Nazirliyindən APA-ya verilən xəbərə görə, sərginin oktyabrın 6-dan 10-dək Nazirliyin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, daha əvvəl VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının sentyabrın 22-26-da keçiriləcəyi açıqlanmışdı.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin ölkəmizdə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında müvafiq sərəncamının icrası ilə əlaqədar Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planına uyğun olaraq builki sərgi-yarmarka dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunacaq.

Cəmiyyətdə mütaliənin təbliğini, kitab işi sahəsində istedadlı şəxslərin geniş kütlələrə tanıdılmasını və xüsusilə COVID-19 pandemiyası səbəbindən müəyyən çətinliklərlə üzləşən yaradıcı sənayelərin dəstəklənməsini hədəfləyən sərgi-yarmarkanın zəngin proqramı var. Kitab bayramında kitab təqdimatları, yazarlarla görüşlər, işgüzar toplantılar və Nizami Gəncəvinin həyat və yaradıcılığına dair müxtəlif tədbirlər sərgi ziyarətçilərinin marağına səbəb olacaq.

100-dək yerli nəşriyyat-poliqrafiya müəssisəsinin, kitab evinin, müxtəlif kütləvi və universitet kitabxanalarının, həmçinin Türkiyə və Rusiya daxil olmaqla, bir sıra ölkələrdən kitab işi sahəsində çalışan qonaqların sərgi-yarmarkada iştirakı gözlənilir.

Sərgi-yarmarka iştirakçıları təşkilatçılar tərəfindən 6 kvadratmetrə qədər ekspozisiya sahəsi və lazımi avadanlıqlarla ödənişsiz təmin ediləcək.

İştirakçıların və ziyarətçilərin sağlamlığının qorunması məqsədilə sərgi-yarmarkanın COVID-19 pandemiyası ilə əlaqədar tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə tam uyğun təşkili planlaşdırılır. Sanitariya-gigiyena qaydalarının tətbiqi ilə yanaşı, sərgi-yarmarka məkanında sıxlığın yaranmaması üçün metronun müxtəlif stansiyalarının çıxışında ziyarətçiləri müəyyən fasilələrlə Bakı Ekspo Mərkəzinə daşıyan xüsusi avtobuslar ayrılacaq. Qeyd olunan tədbirlərlə bağlı əvvəlcədən kütləvi informasiya vasitələrində elanlar veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR