“Özünümüdafiə jurnalistikası və böhran bölgələrində xəbərçilik” adlı treninqlər keçirilir

“Özünümüdafiə jurnalistikası və böhran bölgələrində xəbərçilik” adlı treninqlər keçirilir
# 09 noyabr 2020 15:36 (UTC +04:00)

Azərbaycan Televiziyasının Teleradio Akademiyası və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı ofisi “Özünümüdafiə jurnalistikası və böhran bölgələrində xəbərçilik” adlı treninqlərə başlayıb.

Vebinarın rəsmi hissəsində çıxış edən Türkiyənin Anadolu Agentliyinin baş direktorunun müavini və yayın direktoru Metin Mutanoğlu deyib ki, jurnalistin həyatı onun yaydığı xəbərdən daha önəmlidir. O, təmsil etdiyi media qurumunun peşəkar əməkdaşlarının böhran bölgələrindən və müharibə zonalarından yaydıqları xəbərlərə də toxunub.

Metin Mutanoğlunun sözlərinə görə, bəzən hadisəni işıqlandıran zaman həyatını itirən jurnalistlər də olur.

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədri, filologiya üzrə elmlər doktoru Rövşən Məmmədov bu ilin sentyabr ayında Türkiyə-Azərbaycan Media Platformasının yaradıldığını xatırladaq bildirib ki, bu əməkdaşlığın əhəmiyyətini biz indi torpaqlarımızın azadlığı uğrunda aparılan mübarizədə daha aydın görürük.

“Azərbaycan mediası ilə yanaşı, türkiyəli həmkarlarımız da operativ xəbərlər yayır, təkcə döyüş bölgələrindən deyil, eyni zamanda ermənilərin digər şəhər və kəndlərimizdə törətdikləri terror aktları barədə həm yerli, həm də beynəlxalq ictimaiyyətə dolğun məlumatlar çatdırırlar. Biz fəaliyyətimizi genişləndirməli və birgə irimiqyaslı layihələrə imza atmalıyıq”, - deyən Rövşən Məmmədov türkiyəli həmkarlarını Teleradio Akademiyası ilə əməkdaşlığa dəvət edib.

O, 1956-cı ildə yaradılan Azərbaycan Televiziyasının tərkibində fəaliyyət göstərən Teleradio Akademiyasının jurnalistikanın inkişafına verdiyi töhfələrə də toxunub.

TİKA-nın Departament rəhbəri Uğur Tanyeli döyüş zamanı bir fotonun həmin döyüşün taleyini dəyişmək iqtidarında olduğunu qeyd edib. Həmçinin videoların, fotoların bəzən isə döyüşlərə verdiyi ziyandan da danışıb.

Anadolu Agentliyi Xəbər Akademiyasının rəhbəri Cihangir İşbilir 100 yaşlı Anadolu Agentliyinin 13 dildə yayımlandığını və dünyanın bir çox məntəqəsində müxbir postları olduğunu qeyd edib. O, Teleradio Akademiyası ilə əməkdaşlığın gənc jurnalistlərə böyük dəstək olacağını bildirib.

Xatırladaq ki, noyabrın 9-dan 13-ə kimi Anadolu Xəbər Akademiyası mütəxəssisləri Azərbaycanın 40-dan çox elektron və print mediasının əməkdaşına treninq keçəcək. Onlayın təlimlərdə riskli bölgələrdə xəbərçilik, xəbər yayma imkanları, jurnalistin təhlükəsizliyi, riskli bölgələrdə xəbərçilik, riskli bölgələrdə yeni mənbələrin öyrənilməsi, böhran bölgələrində xəbər dilinin istifadəsi, müharibə operatorunun təhlükə zonasındakı davranışı və digər mövzular müzakirə ediləcək, beynəlxalq təcrübə öyrəniləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR