Rəşad Məcid: “Azərbaycanda pandemiya dövründə kommunikasiya effektiv təşkil olunub”

Rəşad Məcid: “Azərbaycanda pandemiya dövründə kommunikasiya effektiv təşkil olunub”
# 24 iyun 2020 15:58 (UTC +04:00)

“Azərbaycanda böhran dövründə kommunikasiyanın təşkilini ümumilikdə effektiv qiymətləndirmək olar”.

Bunu APA-ya açıqlamasında 525-ci qəzetin baş redaktoru Rəşad Məcid bildirib.

R. Məcid deyib ki, yeni növ koronavirusla (COVİD-19) mübarizə ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın ənənəvi hal alan canlı mətbuat konfranslarını hər kəs maraqla izləyir, cəmiyyəti maraqlandıran suallar cavablandırılır: “İlkin mərhələdə həmin mətbuat konfransında iştirak edən bəzi jurnalistlərin qeyri-peşəkarlığı duyulurdu. Hiss olunurdu ki, jurnalistlər çıxışçıların fikirlərini tam dinləməmiş təkrar sual verirlər. Getdikcə bu məqamlar aradan qalxdı, artıq jurnalistlər cəmiyyəti narahat edən sualları ünvanlayırlar. Bu problemlə əlaqədar Operativ Qərargahın ənənəvi hal alan canlı mətbuat konfranslarının təşkilini yüksək qiymətləndirirəm. Həm Azərbaycan Dövlət Televiziyası, həm İctimai Televiziya, o cümlədən APA TV və digər özəl telekanallar mətbuat konfransını canlı yayımlayır. Bu, müsbət ənənədir, bu şəkildə də davam etməsi vacibdir. Dövr, zaman və pandemiyanın gətirdiyi reallıqlar çevik reaksiya tələb edir. Yeri gəlmişkən, dördüncü sənaye inqilabı ilə bağlı danışanda həmişə qeyd olunur ki, hökumətlər İKT-nin hazırkı inkişafı dövründə həddindən artıq çevik olmasa, ictimai fikirdə uduzacaq. Bu mənada həm pandemiya dövrünün, həm də İKT-nin tələbi budur ki, hökumətlər məsələlərə həddindən artıq çevik reaksiya versin. Bu baxımdan Operativ Qərargahın tez-tez mətbuat konfransları keçirməsini də müsbət qiymətləndirirəm. İnformasiyaları vaxtında çatdırmaq, sualları cavablandırmaq və prosesləri düzgün istiqamətə yönləndirmək baxımından bu, çox vacibdir. Eyni zamanda dövrün, zamanın gətirdiyi bir yenilikdir, hökumət də bu baxımdan çevik reaksiya verir”.

Baş redaktor bu sahədə sosial mediadan yazılanlara operativ reaksiya verilməsini də müsbət qiymətləndirib: “Yeri gəlmişkən, sosial şəbəkələrdə bəzən şayiələr, qeyri-dəqiq informasiyalar, emosional münasibətlər olur. Ona görə də ciddi xəbərlərə TƏBİB, o cümlədən Operativ Qərargah tərəfindən reaksiya verilməlidir”.

R. Məcid ilkin mərhələdə Operativ Qərargah və TƏBİB-in insanları qorxuya, vahiməyə salmamaq üçün pandemiya xəstəxanalarından reportajlara o qədər də müsbət yanaşmadığının diqqət çəkdiyini söyləyib: “Ancaq artıq çoxlu sayda koronavirusa yoluxan və sağalan, o cümlədən vəfat edənlər var. Təəssüf ki, onların arasında bizim tanıdıqlarımız da olur. Ona görə də son dövrlər xəstəxanalardan reportajların hazırlanmasına şərait yaradılması vacibdir, öncəki yanaşmanın artıq dəyişdiyi müşahidə olunur. Xüsusən özəl KİV-in son günlər hazırladıqları reportajları yüksək qiymətləndirirəm”.

Baş redaktor onu da qeyd edib ki, ilkin mərhələdə Azərbaycanda pandemiyaya qeyri-ciddi baxanların sayı çox olub: “Lakin yoluxma çoxaldıqca insanlar məsələnin ciddiliyinin fərqinə varmağa və virusun mövcudluğuna inanmağa başlayıblar. Amma hələ də koronavirus olmadığını, bunun bir oyun olduğunu iddia edənlər var. Ona görə bu istiqamətdə təbliğat davam etməli və bütünlükdə cəmiyyət bunun nə dərəcədə ağır bəla olduğunu dərk etməlidir ki, özlərini, ətraflarını qorumağa çalışsınlar. Bu istiqamətdə jurnalistlərin üzərinə də mühüm missiya düşür. Jurnalistlər cəmiyyətin aparıcı üzvü, jurnalistika ictimai rəyi yönləndirən sahədir. Artıq sosial şəbəkənin yaratdığı imkanlar sayəsində jurnalistlər daha geniş imkanlar əldə ediblər. Jurnalistlər kütlənin vəziyyətini emosionallaşdıran fikirlər söyləməməli, kütləni həqiqətin harada olduğuna inandırmalıdır. Ola bilər ki, ayrı-ayrı jurnalistlərin hansısa fikri ilə razılaşmayım, amma hesab edirəm ki, ümumilikdə jurnalistikamız, jurnalistlərimiz proseslərə normal reaksiya göstərir. Pandemiya ilə mübarizəylə əlaqədar ayrı-ayrı jurnalistlər tərəfindən hansısa hərəkatlar yaratmaq cəhdləri də var və jurnalist İradə İbrahimovanın təklifi ilə mən də “Özünü qoru, çevrəni xilas et!” hərəkatının üzvü oldum. Hər bir fürsətdən, imkandan istifadə edərək bu ağır bəladan çıxmalıyıq. Hətta bəzən təkliflər olur ki, bu məsələdə polisdən daha çox jurnalistlərə üstünlük verilsin, polis deyil, jurnalistlər bir növ ictimai nəzarəti həyata keçirsinlər. Bu istiqamətdə təbliğatda jurnalistika və jurnalistlərə daha geniş rol vermək olar. Söhbət ictimai nəqliyyatda, qapalı məkanlarda tibbi maskanın istifadəsi, sosial məsafənin qorunmasının, insanların karantin rejiminin qaydalarına riayət edilməsinin təbliğindən gedir. Çünki bəzi insanlar virusa inanmır, ona görə də nə maska taxır, nə sosial məsafə gözləyirlər. Eyni zamanda qapalı məkanlar, ictimai iaşə müəssisələri ilə bağlı məsələlərdə polisdən çox ictimai rəy önəmli olmalıdır. Məsələn, ötən gün Seymur Verdizadənin karantin rejimində gecə fəaliyyət göstərən restoran barədə məlumatı və bu barədə Bakı şəhər İcra Hakimiyyətini də məlumatlandırması polisdən daha çox effekt verdi. Çünki məsələ ictimailəşdi və insanlarda karantin rejiminin tələbini pozan belə müəssisələrə qarşı ictimai qəzəb formalaşdı. Ona görə də jurnalistika bəzi məqamlarda polisdən daha çox rol oynaya bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR