Beynəlxalq qurumlar, media təşkilatları bu terrora səssiz qalmamalıdır - “APA Media Group”un BƏYANATI - VİDEO - YENİLƏNİB

Məhərrəm İbrahimov, Sirac Abışov

© APA | Məhərrəm İbrahimov, Sirac Abışov

# 04 iyun 2021 17:34 (UTC +04:00)

Mətnə video əlavə olunub.

***

15:52

Bu gün saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “Kamaz” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Sirac Abışov (AzTV telekanalının operatoru), Məhərrəm İbrahimov ("Azərtac" xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub, 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib.

APA Media Group” MMC media nümayəndələrinin həlak olması ilə bağlı bəyanat yayıb.

Bəyanatda bildirilir:

“İki həmkarımızın Kəlbəcər rayonu ərazisində xidməti vəzifələrini yerinə yetirərkən erməni terrorçuları tərəfindən əraziyə yerləşdirilmiş minaya düşərək həlak olması bizi dərindən sarsıtdı. “APA Media Group” Azərbaycan jurnalist cameəsinə, onların çalışdığı media qurumlarına və jurnalistlərin ailələrinə dərin hüznlə baş sağlığı verir.

Birinci Qarabağ Müharibəsi dövründə bir neçə həmkarımız xidməti vəzifəsini yerinə yetirərkən erməni terrorunun qurbanı olub. Eyni zamanda Vətən müharibəsi dövründə jurnalistlər kifayət qədər riskli vəziyyətlərlə qarşılaşıblar. 44 günlük müharibə ərzində erməni terrorçuları dəfələrlə peşə fəaliyyətini həyata keçirən və fərqləndirici gödəkcələrində olan jurnalistlərə atəş açıblar, nəticədə həmkarlarımız arasında yaralananlar da olub. Çox təəssüf ki, müharibənin bitməsindən bir neçə ay keçməsinə baxmayaraq, erməni terroru hələ də davam edir və biz bu gün iki həmkarımızı itirdik.

Azərbaycan hakimiyyəti, Azərbaycan ictimaiyyəti aylardır, müharibə qaydalarına, beynəlxalq konvensiyalara uyğun olaraq Ermənistanın mina basdırılmış ərazilər barədə məlumatları və mina xəritələrini təqdim etməsini tələb edir. Çox təəssüf ki, Ermənistan hələ də israrla bundan boyun qaçırır, beynəlxalq ictimaiyyət isə ikili standartlarla yanaşaraq susmaqda davam edir.

Bunun nəticəsidir ki, Vətən müharibəsi bitəndən bu günə qədər Azərbaycanda 100-dən artıq dinc sakin və hərbçi mina qurbanı olub.

Bu gün isə artıq xidməti vəzifələrini yerinə yetirən iki jurnalist mina partlayışında həyatını itirib.

APA Media Group” bütün beynəlxalq qurumları, jurnalist və media təşkilatlarını bu terrora səssiz qalmamağa, Ermənistanı qınamağa, mina xəritələrini Azərbaycana təqdim etməsi üçün bu ölkəyə təzyiq göstərməyə çağırır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR