Mətbuat Şurası və Tərtər RİH Vətən müharibəsini işıqlandıran media nümayəndələrini təltif edib - FOTO

Yadigar Məmmədli, Müstəqim Məmmədov, Əflatun Amaşov, Müşfiq Ələsgərli

© APA | Yadigar Məmmədli, Müstəqim Məmmədov, Əflatun Amaşov, Müşfiq Ələsgərli

# 21 iyul 2021 14:26 (UTC +04:00)

Azərbaycan Mətbuat Şurası (MŞ) Milli Mətbuat Gününü kütləvi informasiya vasitələrinin Qarabağ bölgəsi üzrə əməkdaşları ilə birgə qeyd edib.

MŞ-dan APA-ya verilən xəbərə görə, bu münasibətlə Şura Tərtərdə Rayon İcra Hakimiyyəti ilə birgə toplantı keçirib.

Toplantıda KİV-lərin 44 günlük Vətən Müharibəsinin işıqlandırılmasında xidmətləri olmuş müxbir və operatorlarına MŞ-nin və Tərtər RİH-in diplomları təqdim edilib.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, 44 gün davam etmiş Vətən Müharibəsi dönəmində rəhbərlik etdiyi rayon başda olmaqla ümumilikdə bölgə cəbhəyə köklənib, hər kəs qalibiyyət üçün əzmlə çalışıb, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək ortaya inanılmaz qətiyyət qoyub.

M. Məmmədov tədbirə toplaşmış media nümayəndələrinə Milli Mətbuat Günü ilə bağlı təbriklərini çatdırıb.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov da öz növbəsində bölgələrdəki KİV əməkdaşlarını 22 iyul Milli Mətbuat Günü ilə bağlı təbrik edib, əsası dahi mütəfəkkir Həsən bəy Zərdabi tərəfindən qoyulmuş milli mətbuatımızın Azərbaycan xalqının formalaşmasında, ictimai fikir tariximizdə oynadığı misilsiz roldan söz açıb. Ə. Amaşov bildirib ki, Şura ilk dəfədir bu əlamətdar tarixi ancaq regionda qeyd edir: “Bununla 44 günlük Vətən Müharibəsində jurnalistikanın, xüsusən də bölgələrdə fəaliyyət göstərən jurnalistlərimizin rolunu vurğulamaq istəyirik. Sizlərin, tədbirimizə toplaşanların son dərəcə böyük əməyi var. Bu əmək həm peşə borcuna həssas yanaşma idi, həm də vətənpərvərlik. Nə gözəl ki, siz bu iki dəyəri vəhdətdə tutdunuz, nümunə göstərdiniz”.

MŞ sədri çıxışında iştirakçılara rəhbərlik etdiyi qurumun Vətən Müharibəsi müddətində həyata keçirdiyi fəaliyyət barədə də geniş məlumat verib. O deyib ki, müharibədə əsgər və zabit kimi döyüşmüş jurnalistlər olub. MŞ onları daim diqqətdə saxlayıb, ailələri ilə müntəzəm təmaslar qurub: “Bu gün burada sizinləyik. Tərtər müharibə zamanı düşmənə ləyaqətlə sinə gərən rayonlarımızdandır. Bura arxa cəbhənin bir növ mərkəzi sayılırdı. Həm də ön cəbhəyə yaxınlıq baxımından. Bildiyiniz kimi, Tərtər ermənilərin atdıqları müxtəlif növ raket atəşlərindən xeyli ziyan görmüşdü. Rayon ərazisinə və mərkəzinə dəfələrlə mərmilər düşmüşdü. Mən özüm iki dəfə burada oldum. Nə qədər ağır və gərgin şəraitin hökm sürdüyünü gördüm. Eyni zamanda, insanlardakı ruh yüksəkliyini də hiss etdim, duydum. Hər kəs, hər bir tərtərli Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin müsəlləh əsgəriydi. Sizlər də bu şəraitdə işləmisiniz, zəhmətə, əziyyətə və məhrumiyyətə qatlaşmısınız, öz peşə borcunuzu ləyaqətlə yerinə yetirmisiniz. Təbii ki, qürurlu anların da şahidinə çevrilərək canlı tarixi gözlərinizlə görüb yaratmısınız. Mətbuat Şurası Tərtər Rayon İcra Hakimiyyəti ilə birgə istədi ki, Milli Mətbuat Günü ilə bağlı böyük əməyinizə özünün töhfəsini versin. İstədik ki, milli mətbuatımızın 146-cı ildönümü həm də xatirinizdə müharibə dövründəki əməyinizə dəyər baxımından yadda qalsın”.

MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli çıxışında bildirib ki, indiyədək Qarabağ müharibəsində 20-dək jurnalist şəhid olub. Bilavasitə İkinci Qarabağ Müharibəsi zamanı isə 34 jurnalist cəbhədə döyüşçü kimi iştirak edib.

MŞ İdarə Heyətinin üzvü, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli də Vətən Müharibəsində medianın daşıdığı missiyaya toxunub. O bildirib ki, zamanla bu missiyaya daha dolğun tarixi qiymət veriləcək.

Tədbirdə “Yenisabah.az” saytının baş redaktoru Seymur Verdizadə və digərləri həmkarlarının əməyinə verilən qiymətə görə təşəkkürlərini çatdırıblar.

Toplantının sonunda KİV-lərin Qarabağ bölgəsi üzrə 30-dan çox əməkdaşı Vətən Müharibəsi zamanı peşə fəaliyyətinə həssas yanaşdığına və Azərbaycan ictimaiyyətinin operativ və dəqiq informasiyalarla təmin edilməsində aktiv iştirakına görə MŞ-nin və Tərtər RİH-in birgə diplomu ilə təltif ediliblər.

Toplantıda Vətən Müharibəsi dönəmində qardaş Türkiyənin Azərbaycanda fəaliyyət göstərmiş kütləvi informasiya vasitələrinin - TRT, ATV, CNN Türk, A-Haber, Haber Qlobal telekanallarının, “Hürriyyət”, “Sabah” qəzetlərinin əməkdaşlarının da böyük əmək sərf etdikləri, bu media orqanlarına da diplomların təqdim ediləcəyi vurğulanıb. Bundan başqa, tanınmış fotojurnalist Rza Deqqati və CNN türk telekanalının əməkdaşı Fulya Öztürk müharibə həqiqətlərini peşəkarcasına işıqlandırılmasındakı xidmətlərinə görə təltif ediliblər. Bu şəxslərə də mükafatlarının çatdırılacağı vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR