Prezident İlham Əliyev: “Ədalətli müharibə aparmışıq və döyüş meydanında düşməni məğlub etmişik”

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 08 noyabr 2021 13:50 (UTC +04:00)

“Biz Qarabağ həqiqətlərini, işğalla bağlı erməni vəhşiliyini dünya ictimaiyyətinə çatdıra bildik”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Şuşada hərbçilər qarşısında çıxışında deyib.

Dövlət başçısı bildirib ki, Birinci Qarabağ müharibəsindən sonrakı ilk dövrdə biz buna nail ola bilməmişdik: “Ona görə dünyada müharibə ilə bağlı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təhrif edilmiş təsəvvür var idi. Biz bunu aradan qaldırdıq. Gecə-gündüz çalışaraq dünya ictimaiyyətini məlumatlandırdıq, aparıcı beynəlxalq təşkilatlarda uğurlu iş apararaq bizə əl verən və həqiqəti əks etdirən qərar və qətnamələri qəbul etdirdik və bütün bu işlər bugünkü reallıq üçün hüquqi bazadır. Çünki bu gün biz düşməni torpağımızdan qovandan sonra heç kim bizə irad tuta bilməz. Çünki biz öz torpağımızda uğurlu əməliyyat aparmışıq, biz beynəlxalq hüququ pozmamışıq, müharibə qanunlarını pozmamışıq. Ədalətli müharibə aparmışıq və döyüş meydanında düşməni məğlub etmişik.

Digər önəmli amil gənc nəslin tərbiyəsi ilə bağlı idi. Çox yaxşı başa düşürdük ki, əgər bizim silahımız da, sursatımız da olsa, iqtisadiyyatımız da güclü olsa, beynəlxalq müstəvidə də uğur qazansaq, əgər bizim vətəndaşlar torpaq uğrunda, Vətən uğrunda öz gücünü göstərməsələr, qalan amillərin heç bir əhəmiyyəti olmayacaq. Tərbiyə işlərinə çox böyük fikir verərək gəncləri vətənpərvərlik ruhunda tərbiyə etdik. İmkan vermədik ki, işğalla bağlı olan tarix unudulsun. Qarabağı unutmadıq, əksinə, hər bir kürsüdən bu məsələ ilə bağlı istər ölkə daxilindəki tədbirlərdə, istər beynəlxalq tədbirlərdə daim bu mövzu birinci nömrəli mövzu idi. Gənclər vətənpərvərlik ruhunda yetişərək öz canlarını fəda edib öz qanı bahasına düşmənin əlindən bizim müqəddəs torpaqlarımızı ala bildilər. Bütün bu faktorların vəhdəti bizim Qələbəmizi şərtləndirdi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR