Azərbaycan yığması Pekin Paralimpiadasında daha bir medal qazanıb

Azərbaycan yığması Pekin Paralimpiadasında daha bir medal qazanıb
# 13 sentyabr 2008 08:40 (UTC +04:00)
Bakı. Aqşin Əliyev - APA-Sport. XIII Pekin Yay Paralimpiya Oyunlarının 7-ci günündə Azərbaycanın daha bir idmançısı fəxri kürsüyə yüksəlib. “APA-Sport”un məlumatına görə, bu dəfə 2004-cü il Afina Olimpiadasının qalibi atlet Oleq Panyutin fərqlənib.

25 yaşlı həmyerlimiz uzunluğa tullanma yarışında qüvvəsini sınayıb. Altı dəfə cəhd göstərən O. Panyutin 7.06 metrlik nəticə göstərib. O, Səudiyyə Ərəbistanın təmsil edən Osamah Alşanqiti ilə eyni uzaqlığa tullanıb. Lakin idmançımız cüzi fərqlə rəqibindən geri qalıb.

Birinci yerin sahibi Hilton Langenhoven (CAR) isə O. Panyutinin Afinada müəyyənləşdirdiyi paralimpiya rekordunu təzələyib - 7.31 metr. Azərbaycanlı atlet 4 il öncə 7.25 metr tullanaraq, qızıl medala layiq görülmüşdü.

Beləliklə, 7-ci mükafatına (1 qızıl, 3 gümüş, 3 bürünc) qovuşan Azərbaycan medal qazanan ölkələrin siyahısında yenə 32-ci pillədə qərarlaşıb. O. Panyutindən öncə üçtəkanla tullanma yarışlarında mübarizə aparan atletlərimiz Zeyniddin Bilalov 2-ci, Vladimir Zayets isə 3-cü yeri tutmuşdu. Bundan başqa, Pekin Paralimpiadasında cüdoçularımızdan İlham Zəkiyev qızıl, Tofiq Məmmədovla Kərim Sərdarov gümüş, Ramin İbrahimov bürünc mükafata sahib çıxıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR